“Rəvan”da nə Bəhmən Həsənov olacaq, nə də Kemal Alispahiç
07.10.2013 - 10:31
“Rəvan”da nə Bəhmən Həsənov olacaq, nə də Kemal Alispahiç
“Baş məşqçi postuna həm əcnəbi, həm də yerli namizədlər var. Hələlik götür-qoy edirik. Konkret ad çəkmək istəmirəm. Uzun sürməyəcək, yəqin ki, gələn həftə seçimimizi edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Topaz Premyer Liqasının IX turunda “Xəzər Lənkəran”la evdə bərabərə qalan “Rəvan” baş məşqçi Vladislav Qədirovla yollarını ayırdı. Komandanın kimə tapşırılacağı isə maraq doğurur. Paytaxt klubunun ənənəsinə sadiq qalaraq Bəhmən Həsənovla yoluna davam edəcəyini söyləyənlər də var, Şahin Diniyevlə danışıq apardığını yazanlar da.

Şirəliyev işinə bələd olduqları bir mütəxəssislə anlaşmağı daha optimal variant sayır: “Lakin bu, nə Bəhmən Həsənov olacaq, nə də Kemal Alispahiç. Bizə təklif olunan əcnəbi çalışdırıcılar arasında tanınmış sima yoxdur. Slovakiya, Portuqaliya, İsveç kimi ölkələrdəndilər. Yerlilərə gəlincə, ad çəkməyəcəm, hansı məşqçilərimizin işsiz olduğunu özünüz də bilirsiniz”.

Qeyd edək ki, Vladislav Qədirov cari mövsümdə “Rəvan”ın baş məşqçisi postundan istefaya göndərilən ikinci baş məşqçi olub. Paytaxt klubu II turdan sonra Ramil Əliyevlə yollarını ayırmışdı.