İbrahim Şehiç: “Qarabağ”ı seçməklə səhv etməmişəm
07.10.2013 - 11:37
“Artıq bir neçə gündür “Qarabağ”ın düşərgəsindəyəm. Açıq deyirəm, burda gördüklərimə çox təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bosniya və Hersoqovina millisinin qapıçısı İbrahim Şehiç deyib.
Topaz Premyer Liqasının lideri olan “Qarabağ”ın transfer etmək niyyətində olduğu qolkiper vətənində verdiyi müsahibədə keçidi haqda danışıb: “Burada hazırlıq keçmək üçün ideal şərait var. Şəhər də çox gözəldir. Düşünürəm ki, “Qarabağ”ı seçməklə səhv etməmişəm. Böyük iddiaları olan və hədəfi gələn mövsüm Avropa Liqasının qrupuna vəsiqə olan kluba keçirəm. Keçmişdən danışmaq istəmirəm. Mənim yeni komandam var və fikrimi hazırlığa yönəldirəm. Klub rəhbərliyinin məndən gözlədiklərini doğrultmaq istəyirəm”.
Son vaxtlar milliyə çağırılmayan qapıçı bunun səbəbini də açıqlayıb: “Yığmadan uzaq düşməyim səbəbsiz deyil. “Mersin İdman Yurdu”nda heyətə düşmədiyim üçün millidəki yerimi itirdim. Lakin komandanın matçlarını izləyirəm. Sevinirəm ki, millimiz final mərhələsinin bir addımlığındadır. İndi əsas məqsədim klubda yaxşı hazırlıq keçib özümü “Qarabağ”da göstərməkdir. Formamı bərpa edib lazımi səviyyəyə çatsam, yığmaya da qayıda bilərəm”.
Qeyd edək ki, Şehiç yığmada 3 oyun keçirib.
0
0