“İnter” Gürcüstanın elita klubu ilə yoxlama oyunu keçirəcək
07.10.2013 - 16:46
“İnter” Gürcüstanın elita klubu ilə yoxlama oyunu keçirəcək
“İnter” milli komandaların seçmə oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanmağa çalışacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” bu gün Gürcüstanın paytaxtı Tbilisiyə yola düşəcək.

Komanda qonşu ölkədə 1 həftə təlim-məşq toplanışı keçəcək. Həmin müddətdə Kaxaber Sxadadzenin yetirmələri Tbilisinin “Bomond Garden” otelində məskunlaşacaq. Toplanış ərzində “ağ-göylər”in Gürcüstanın elita klublarından biri ilə gücünü sınaması nəzərdə tutulub. Ancaq hələlik həmin komandanın adı bilinmir.

Qeyd edək ki, bu toplanış “İnter”in oktyabrın 19-da “Qəbələ” ilə keçirəcəyi görüşə hazırlıq xarakteri daşıyır. Həmin qarşılaşma “Şəfa” stadionunda keçiriləcək.