“Qəbələ”nin 10 futbolçusu milli komandalara çağırıldı
08.10.2013 - 02:38
“Qəbələ”nin 10 futbolçusu milli komandalara çağırıldı
"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycanın U-19 millisi 6, U-21 millisi 1, əsas yığma komandası 2, Sloveniya yığması isə “qırmızı-qaralar”ın 1 futbolçusuna dəvət göndərib

Oktaybrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Ehtiram Şahverdiyev, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.

Ürfan Abbasov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, oktyabrın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində forma geymək şansı qazanıb.

Volodimir Levin və Elnur Allahverdiyev Azərbaycanın əsas yığmasına dəvət alıb. Komandanın müdafiəçiləri dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq milimizin düşərgəsinə yollanıb.

Digər müdafiəçi Deyan Kelhar isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya-Norveç (11 oktyabr) və İsveçrə-Sloveniya (15 oktyabr) matçlarında yer ala bilər.