“Real” borc içində batır
08.10.2013 - 16:32
“Real” borc içində batır
Qaret Beylin transferi üçün İngiltərənin “Tottenhem” klubuna 100 milyon avro ödəməklə bütün dünyaya səs salan Madrid “Real”ının borc içində olduğu üzə çıxıb. Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin azarkeşlər klubunun prezidenti Karlos Mendosa “AS” qəzetinə açıqlamasında “Real”ın rəsmi hesabatda deyildiyi kimi, 90 milyon deyil, 541 milyon avro borcu olduğunu bəyan edib.

“Kral klubu”nun bank kreditlərindən əlavə, futbolçulara, klublara və müxtəlif idman təşkilatlarına küllü miqdarda verəcəkləri var. “Real”ın hazırkı prezidenti Florentino Peresin gəlişindən sonra klubun borcunun iki dəfə artığı bildirilir.

Qeyd edək ki, “Real” futbolçularına ən çox məvacib ödəyən klublar sırasındadır. Madrid təmsilçisi 2012-ci ildə hər bir oyunçusuna orta hesabla illik 4,7 milyon avro maaş verib.