Bellami milli komanda ilə vidalaşır
08.10.2013 - 23:03
Bellami milli komanda ilə vidalaşır
“Kardif Siti” və Uels yığma komandasının futbolçusu Kreyq Bellami millidəki karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, ölkə mətbuatına danışan təcrübəli hücumçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Makedoniya və Belçika ilə matçdan sonra yığma ilə vidalaşacağını açıqlayıb:

“Bu, Uels millisindəki son həftəm olacaq. Noyabrdakı oyunlarda çıxış etməyəcəm. Yaxşı və pis vaxtlarında yığma komandamla 70-dən çox oyuna çıxdım. Son dönəmlərdəki məğlubiyyətlər bu qərarı verməyimə səbəb oldu. Ümid edirəm ki, Makedoniya və Belçika ilə oyunda mənə də son dəfə şans verərlər”.

Qeyd edək ki, “Liverpul”, “Mançester Siti” kimi klubların da şərəfini qorumuş Bellaminin milli komandası hazırda A qrupunun sonuncu pilləsində qərarlaşıb.