“Azərbaycan və İsraillə görüşlərdən 6 xal qazansaq...”
09.10.2013 - 11:42
“Azərbaycan və İsraillə görüşlərdən 6 xal qazansaq...”
“Bir komanda kimi Lüksemburqa məğlubiyyətdən təsirlənməliyik. Əgər qarşıdakı Azərbaycan və İsraillə görüşlərdən 6 xal qazansaq, onda bunu unutdurmuş olacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya millisinin mərkəz yarımmüdafiəçisi Oliver Norvud deyib.

İngiltərənin aşağı dəstə klubu “Haddersfild Taun” klubunda çıxış edən Norvud qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayarkən, zəif komanda olmadıqlarını bildirib: “Qələbə qazanmayanda, bu, adama təsir edir. Baxmayaraq ki, çətin olacaq, ancaq biz inanmalıyıq ki, hər 2 matçda qələbə qazana bilərik və ya xal itirməyəcəyik. Maykl O’Nilin indi müəyyən futbol üslubu var. Biz Rusiyaya qalib gəlmişik. Əgər 9 nəfər qalmasaydıq, Portuqaliyanı da yenə bilərdik. Həmin oyunlarda göstərdik ki, belə komandalarla rəqabət aparmaq gücündəyik”.

Sonda Norvud Bakıdakı oyunda start heyətində yer alacağına inandığını bildirib: “Baş məşqçi məni vacib matçlarda oynatmaqla inamını ortaya qoyub. Ümid edirəm ki, mən onun planlarındayam. Maykl yaxşı iş görür”.

Qeyd edək ki, millimiz Şimali İrlandiya ilə oktyabrın 11-də qarşılaşacaq.

Görüş saat 21:00-da “Bakcell Arena”da olacaq.