Yığma Skandinaviyaya iddialı getdi
09.10.2013 - 12:15
Yığma Skandinaviyaya iddialı getdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun rəhbərlik etdiyi komanda İsveçdə qüvvəsini sınayacaq III seçmə qrupda çıxış edəcək.

Meydan sahibləri ilə yanaşı, İrlandiya, Bosniya və Hersoqovina ilə qarşılaşacaq yığmamız Skandinaviyada uğur qazanmaq iddiasındadır. Yığmamız elit raunda çıxmaq üçün ən azı qrupda ilk 2 yerdən birini tutmalıdır. Çünki seçmə mərhələnin 13 qrupunun hərəsindən yalnız ilk 2 yerin sahibi mübarizəni davam etdirəcək. 3-cü yer sahiblərindən isə yalnız biri – ilk 2 komanda ilə qarşılaşmalarda ən yaxşı nəticəyə malik olanı elit mərhələyə yüksələcək.

Oyunlarından ikisini Landskrona, birini Angelholmda keçirəcək millimiz ilk sınağında İrlandiya ilə görüşəcək. İkinci görüşündə Balkan təmsilçisi ilə üz-üzə gələcək yığmamız Skandinaviyadakı son qarşılaşmasında meydan sahiblərini udmağa çalışacaq.

Qeyd edək ki, artıq 1 qrupda mübarizə başa çatıb və Türkiyə ilə Monteneqro elit raunda yüksəlib.

10 oktyabr
17:00. İrlandiya – Azərbaycan
Angelholm. “Angelholms” stadionu

21:00. Bosniya və Hersoqovina – İsveç
Trelleborq. “Vanqavallen” stadionu

12 oktyabr
17:00. Azərbaycan – Bosniya və Hersoqovina
Landskrona. “İdrottsplats” stadionu

19:00. İrlandiya – İsveç
Angelholm. “Angelholms” stadionu

15 oktyabr
17:00. İsveç – Azərbaycan
Landskrona. “İdrottsplats” stadionu

17:00. Bosniya və Hersoqovina – İrlandiya
Trelleborq. “Vanqavallen” stadionu