“Rəvan” Şahin Diniyevlə ilk məşqinə çıxdı - FOTO
09.10.2013 - 19:31
“Rəvan” Şahin Diniyevlə ilk məşqinə çıxdı - FOTO
"Rəvan” bu gün yenidən məşqləri bərpa edib. Apasport.az klub saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının IX turunda "Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib.

"Dalğa Arena”da keçirilən məşq həm də komandamızın yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçdiyi ilk hazırlıq olub. Məşqdən əvvəl isə Diniyev komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak etdiyi tədbirdə təcrübəli çalışdırıcı futbolçulara öz oyun konsepsiyasını izah edib və yetirmələri ilə səmimi söhbət edib.

Məşqə gəlincə, hazırlıq təxminən 1 saat davam edib. Məşqdən əvvəl Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqram əsasında çalışdısa, qalan bütün futbolçular komanda şəklində hazırlaşıb. Yalnız zədə üzündən ili başa vuran Tofiq Mikayılovla Tacikistan yığmasının düşərgəsində olan Sohib Savankulov Diniyevin ilk məşqinə qatılmayıb.