“Azərbaycana qol vurmaq üçün 90+3-cü dəqiqəyə qədər gözləməliyik”
10.10.2013 - 10:33
“Azərbaycana qol vurmaq üçün 90+3-cü dəqiqəyə qədər gözləməliyik”
“Azərbaycan millisi yaxşı keyfiyyətlərə malik komandadır. Ancaq öz oyunumuzu tapa bilsək, qalib gələcəyik. Səbirli olmalıyıq. Hücumda və müdafiədə birgə, komanda şəklində hərəkət etmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveçin 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Trond Nordştayen deyib.

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. VIII seçmə qrupunda mübarizə aparan yığmamız Norveçdə meydan sahibləri ilə görüşəcək. Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan Bernard Lippertin yetirmələri qələbə qazanmaqla 3-cü pilləyə yüksələ bilər.

Rəqibin baş məşqçisi Tor Ole Skullerud müvəqqəti Norveçin əsas yığmasının çalışdırıcısı Per-Matias Hoqmoya kömək etməli olduğundan komanda Trond Nordştayenə tapşırılıb.
49 yaşlı çalışdırıcının fikrincə, millimiz daha çox müdafiəyə diqqət yetirəcək: “Rəqibin müqavimətini qırmaq üçün səbirli və soyuqqanlı olmalıyıq. Bu, qarşılaşma taleyini ilk 10 dəqiqədə həll edəcəyimiz matçlardan deyil. Lazım gəlsə, qol vurmaq üçün 90+3-cü dəqiqəyə qədər gözləməliyik. Qalib gəlməli olduğumuz bir dueldir. Ancaq ehtiyatı əldən vermək olmaz. Azərbaycana hörmətlə yanaşmalıyıq.”

Qeyd edək ki, bu gün keçiriləcək Norveç – Azərbaycan matçı Drammen şəhərində oynanılacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.