Berti Foqts: Milli komandaya təzyiq edirlər
10.10.2013 - 11:23
Berti Foqts: Milli komandaya təzyiq edirlər
“Hazırlığın gedişindən razıyam. Dünənki hava yaxşı idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Millimiz 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sabah Şimali İrlandiyanı qəbul edəcək. Bununla bağlı hazırda mətbuat konfransı keçirən almaniyalı çalışdırıcı öncə zədələrdən danışıb.

“Vacib oyun qabağı oxudum ki, bəzi insanlar tez hazırlığa başlamağımızdan narazı idi. Heyətdə 25 futbolçu var. Vaqif Cavadovun çiynində zədə var, Ruslan Abışov isə oyunu buraxacaq. Komandaya bildirdim ki, biz İsraillə oyunda qələbə qazanmalı idik. Səfərdə qələbəni əldən verdik. Taktiki baxımdan səhvə yol verəndə rəqiblər bunu bağışlamır. Mahir Şükürov orda səhvə yol vermişdi. Şimali İrlandiya ilə görüşdə hakimin çox vaxt əlavə etməsi sayəsində xal itirdik” - deyə, Foqts əlavə edb.

Almaniyalı çalışdırıcı bildirib ki, milli komandaya təzyiq edilir: “Komandada təzyiq var. Ümid edirəm ki, peşəkar futbolçularımız buna dözəcək. Şimali İrlandiyanı yaxşı tanıyırıq. Kobud oynayırlar, başla yaxşıdırlar. Təkbətək mübarizələrdə də həmçinin. Sözsüz ki, fərq böyükdür. Beynəlxalq oyunlarla yerli oyunlar arasında fərq var”.

- İlk “11-lik”də hücum xəttində Rüfət Dadaşova, yoxsa Rauf Əliyevə güvənəcəksiniz?
- Siz jurnalistlər olmasaydınız, start heyətini açıqlayardım.

- Şimali İrlandiyanın hava toplarında üstün olduğunu dediniz. Bəs bizim üstün cəhətimiz hansıdır?
- Azərbaycanlı futbolçular fərqlidirlər. Bizimkilər gözəl oyunu, ötürməli oyunu sevirlər. Fikirləşirəm ki, hakim gözəl futbolumuza ləkə gətirməyəcək. Britaniyalılardan fərqli, biz kobud oynamırıq.

- Siz Şimali İrlandiyanın Lüksemburqa uduzduğuna sevindiniz?
- Hər şey ola bilər. Biz İsraillə heç-heçə etdik. Bəziləri buna sevindi. Ancaq heç-heçəyə sevinməməliyik.

- Ruslan Abışovun mövqeyini necə dolduracaqsınız?
- Ola bilsin ki, mərkəzdə 4 futbolçu ilə oynadaq. Ancaq indi dəqiq deyə bilmərəm.

- Hücumçuların hazırkı durumu sizi qane edir?
- Ötən həftə 3 çempionat oyununa baxdım. Çoxlu qol vəziyyəti yaradılsa da, 2-3 qol vuruldu. Mentalitet problemi var. 1:0-dan sonra rahatlamaq lazım deyil. İmkan varsa, qolları vurmaq lazımdır. Bundan başqa, uşaq futboluna diqqət yetirmək lazımdır. 12 yaşından Şimali İrlandiyada uşaqları futbola cəlb edirlər. Bunu nəzərə almaq lazımdır.

- İngiltərədə oynayan futbolçulardan kimisə heyətə cəlb etmək variantına necə yanaşırsınız?
- Bu, tək bizdə yox, bütün dünyada var. Almaniyada yaşayan azərbaycanlını biz milliyə cəlb edə bilərik.

- Dediniz ki, Şimali İrlandiyada 12 yaşdan futbola başlayırlar. Bəs bizdə necədir ki?
- Bizdə indi belədir. 4-5 il əvvəl belə deyildi.

- Avropada vergi məsələsinə çox ciddi yanaşırlar. Məlumat yayıldı ki, siz sosial vergidən yayınırsınız…
- Bütün vergilərimi ödəmişəm. Elə olmasaydı, mən bu gözəl ölkədə işləyə bilməzdim. Onu da əlavə edim ki, məndə FİFA müqaviləsidir. Orda hər şey qeyd olunub. Problem olsa, Jozef Blatterə müraciət edərəm.

- Siz gələndən sonra millidəki legionerlər bizim klublarda çıxış etməyə başladı. Rüfət Dadaşovun bizim komandalardan birinə keçməsi gözlənilirmi?
- İstəyirsiniz ki, o Azərbaycanda oynasın? Mən oyunçuların meneceri deyiləm.