“Neçə illərdi əcnəbi məşqçilər işləyir, hansı nəticələri olub?” - MÜSAHİBƏ
10.10.2013 - 23:01
“Neçə illərdi əcnəbi məşqçilər işləyir, hansı nəticələri olub?” - MÜSAHİBƏ
Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Hazırda işsiz olsanız da, veteranlardan ibarət yığmanın baş məşqçisisiniz. Oktyabrın 15-də qarşılaşacağınız Rusiya millisi ilə oyunun hazırlığı necə gedir?
- Hazırlıq deyəndə, xüsusi bir şey yoxdur. “Neftçi”nin köhnə bazasında məşq edirik. Oyun praktikamız pis deyil. Bildiyiniz kimi, il ərzində mərhum prezidentimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş müxtəlif turnirlərdə iştirak etmişik, bölgələrə səfərlərimiz olub. Hamımız neçə ildir futboldayıq, bir-birimizə bələdik.

- Görüşün “Bayıl Arena”da keçiriləcəyi söylənilmişdi, lakin matçın yeri dəyişdirilərək, Sumqayıta təyin edildi...
- Bizə deyilib ki, Sumqayıtda olacaq, saat 13:00-da başlayacaq. Oktyabrın 15-də paytaxtda 2 matç var: əvvəlcə U-21 Portuqaliya ilə oynayır, axşam isə əsas yığma Rusiyanı qəbul edir. Həm də azarkeş məsələsi də var. Sumqayıtda oyuna daha çox adam gələcək.

- Yəqin ki, axşam kollektiv şəkildə Rusiya – Azərbaycan matçına gedəcəksiniz. Yoxsa belə bir planınız yoxdur?
- Bəli, proqramda var. Oyunu hamımız bir yerdə izləyəcəyik. Belə daha maraqlıdır.

- Millimizin DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya və Rusiya yığmalarına qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Fərqli rəqiblərlə duellərdə nəyə ümid edə bilərik?
- Şimali İrlandiya ilə oyunun önəmi daha böyükdür. Birincisi, qalib gəlsək, turnir cədvəlində onları ötürük. İkincisi isə, bu qələbə Rusiya ilə görüş ərəfəsində əla motivasiya olar. Ancaq unutmayaq ki, irlandlar zəif rəqib deyil. Ruslar isə qrup birincisi olmaq üçün son 2 matça qalib gəlməlidir.

- Qarşıdakı matçlar millimizin baş məşqçisi Berti Foqts üçün sonuncu ola bilər. AFFA-nın onunla ilin axırında başa çatacaq müqaviləsinin müddətini uzatmayacağı gözlənilir...
- Əsas qarşıdakı oyunlardı. Gəlin, fikrimizi başqa yerə yönəltməyək.

- Deyək ki, artıq ilin sonudur və AFFA rəhbərliyi Foqtsdan boşalan postu sizə təklif edir. Əlinizdə hazır layihə, proqram varmı?
- Hələlik belə bir şey yoxdur. Almadığın təklifdən danışmaq düz çıxmaz. Qaldı ki, plana, biz məşqçilərin həmişə beynində bir şeylər olur. Futbolun içindəyik, analizlər aparırıq, özümüz üçün müəyyən nəticələr çıxardırıq.

- Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Geridə qalan IX turda gözlənilən rəqabəti gördünüz?
- Rəqabət göz qabağındadır, bütün klubların məğlubiyyəti var. Stabil oyun nümayiş etdirən yoxdur. Hətta iddialı sayılan “Xəzər Lənkəran”la “İnter” hələ də özlərinə gələ bilməyiblər. Çempionata yaxşı başlayan “Qəbələ” isə evdə “Qarabağ”la “Neftçi”yə uduzub. Düşünürəm ki, əsas mübarizə qabaqdadır. Kimlərin medallar uğrunda mübarizə aparacağını görəcəyik.

- Bir neçə gün öncə sizin kimi uzun müddətdir işsiz olan Şahin Diniyevin “Rəvan”ın baş məşqçi təyinatı rəsmiləşdi. Belə bir vəziyyətdə təklif gəlsəydi, dəvəti qəbul edərdiniz?
- Şahin müəllimi təbrik edirəm. Şükür Allaha ki, işləyəcək. Bu cür yerli məşqçilər kənarda qalmamalıdırlar. Mən ona inanıram və əminəm ki, “Rəvan”ı “qara zolaq”dan çıxardacaq.

- Biz də yerli məşqçilərimizin işləməsinin tərəfdarıyıq. Ancaq razılaşın ki, özümüzünkülərdə də günah var. İşsiz qalan gözünü ancaq daxili bazara dikir. Menecerlər vasitəsi ilə xaricdə iş axtarmaq olmaz?
- Fikrinizi çox gözəl başa düşdüm, haqlısınız. Bizim heç birimizin xarici menecerimiz yoxdur. Çünki buna fikir verməmişik. Hətta özümdə deyim, buna ehtiyac da duymamışam. Azərbaycan səviyyəsində mənə ehtiyac varsa, işləyib, nəticə verəcəyəm. Siz Azərbaycan futbolunun tarixinə nəzər salın, nə uğur varsa, hamısı yerli mütəxəssislərin adı ilə bağlıdır. Bizim əksər klubların rəhbərləri üzlərin tutublar xaricə. Elə bilirlər ki, bununla iş düzələcək. Məsələn, götürək “Bakı” klubunu. Necə illərdi əcnəbi məşqçilər işləyir, hansı nəticələri olub? Heç bir. Amma elə klublar da var ki, yerlilərə üstünlük verir. Götürək elə “Neftçi”ni. Komanda ardıcıl 3 mövsümdür çempion olur, Avroliqanın qrupuna düşüblər. Eyni sözü “Qarabağ” haqda da deyə bilərəm. Azərbaycan futbolunun inkişafı siz jurnalistlərdən də asılıdır. Düzgün analiz etmək, düzgün yazılar yazmaq lazımdır. Yerli məşqçilərə dəstək vermək vacibdir. Demirəm özümüzünkülərin hamısı əladır. Xeyr, beş barmağın beşi də bir ola bilməz.

ŞAMO