Yaxşı başlamadınız, Şahin bəy!
11.10.2013 - 09:31
Yaxşı başlamadınız, Şahin bəy!
Xalq iki fərqli Şahin Diniyev tanıyır: biri millimizin sabiq baş məşqçisidir, digəri “Parni iz Baku”nun ictimaiyyətə tanıtdığı obraz. Açıq deyəcəm, “Bakılı oğlanlar” onun barəsində mənfi rəy formalaşdırıb. Düzdür, bu bir zarafat idi. Ancaq həmin məşhur səhnənin Diniyevin imicinə zərbə olduğu qənaətindəyəm. Nədənsə Şahin bəyin adı gələndə bir çoxlarının gözündə ehtiyat oyunçular skamyasında əyləşən məşqçi deyil, Tahir İmanovun məharətlə oynadığı obraz canlanır.

“Bakılı oğlanlar”ı qınamıram, onların işi budur. Publikanı əyləndirməyə hesablanmış bir səhnədir. Diniyevi qeyri-ciddi, futboldan anlayışı olmayan biri kimi təqdim ediblər. Və təəssüf ki, şəxsən tanımayanlar onun real həyatda da məhz bu cür olduğunu düşünürlər.

Yanılırsınız.

Şahin bəyin İmanovun canlandırdığı obrazla yaxından-uzaqdan heç bir oxşarlığının olmamağını anlamaq üçün onunla 10 dəqiqə söhbət etmək kifayətdir. Sizi əmin edirəm ki, fikirləriniz alt-üst olacaq. Azərbaycan futbolunda özünə hörmət qoyan, danışığını-duruşunu bilən, qarşısındakına sayğı ilə yanaşan iki məşqçi varsa, biri Diniyevdir – bunu rahatlıqla söyləyə bilərəm. İnanın, bunu onu tərifləmək üçün demirəm, həqiqətən hörmətə layiq bir insandır.

Razıyam, onun millidə işlədiyi vaxt bir sıra aparıcı futbolçularla problem yaşaması ürəkaçan deyildi. Təsadüfi deyil ki, buna görə təcrübəli çalışdırıcını qınayanlar yetərincədir. Ancaq Diniyevin dönəmindəki şərtlərlə indikini müqayisə etmək belə olmaz. Yığmamız Avstriyada, Dubayda təşkil olunan yüksək səviyyəli təlim-məşq toplanışlarını, sanballı qonorarları Rövnəq Abdullayevin AFFA prezidenti seçiləndən sonra gördü. Lakin mərhum Ramiz Mirzəyevin aparıcı oyunçularla sıxıntı yaşamasına rəğmən, Şahin bəyə arxa olduqlarını xatırlatmaqda fayda var.

Diniyevin məşqçilik karyerasını uzun-uzadı vərəqləmək fikrim yoxdur. Yalnız bir məqama diqqət çəkmək istəyirəm - adam neçə il işsiz qalsa da, kimsənin torbasını tikməyə cəhd göstərmədi. İşsiz məşqçilər var, zəng edib hansısa komandanın çıxışını qiymətləndirməyini rica edirsən. Söhbətə “o komandanın baş məşqçisinə hörmətim var, çörək kəsmişik, kənardan nəsə söyləsəm düz çıxmaz” – deyərək başlayır. Ardınca isə bir qəşəng “amma” deyib, həmkarının “qabırğasına döşəyir”. Hələ mən pərdə arxasında başqasına quyu qazmaq üçün nələr etdiklərini demirəm... Bax, Şahin bəyi bəzi yerli məşqçilərdən fərqləndirən başlıca amil budur.

Axır ki, hər zaman etik normalara uyğun davranan Diniyevin işsiz günləri başa çatdı. Onun adına çox sevindik. Millimizin sabiq çalışdırıcısını baş məşqçi postuna gətirmək “Rəvan”ın yarandığı gündən bəri atdığı ən doğru addımdır. Lakin onu da deməliyəm ki, yaxşı başlamadınız, Şahin bəy. Təyinatınızdan dərhal sonra zəng vurub təbrik etdik, təəssüratlarınızı bölüşmənizi istədik. Ancaq təşkil edəcəyiniz mətbuat konfransında danışacağınızı dediniz, bizdə anlayışla qarşıladıq. Amma... Gərək ayrıseçkilik etməyəydiniz.

İkinci bir səhv mətbuat konfransının vaxtı ilə bağlıdır. Düzdür, bu, Diniyevin işi deyil. Amma istənilən halda, təcrübəli bir futbol adamı kimi, konfransı təşkil edənlərə millimizin oktyabrın 11-də Şimali İrlandiya ilə oynayacağını, Berti Foqtsun bir gün öncə jurnalistlər önünə çıxacağını xatırlatmaq olardı. Tərslikdən günü ilə bərabər saatı da üst-üstə düşdü. Ona görə də, Şahin bəyin təqdimatına az sayda media nümayəndələri gözə dəydi.

Nə isə, bunlar xırda məsələlərdir. Əsas olan “Rəvan”ın çıxışıdır. Bizə Şahin bəyə uğurlar arzulamaq qalır. Ağır yükün altına girdiyini özü də bilir. Ancaq məşqçi bacarığı ona döyüşkən kollektiv formalaşdırmaq imkanı verir. Hərçənd, irəlidə “Rəvan”ı “Bermud üçbucağı” gözləyir: Diniyevin “siftə”ni “Neftçi” ilə səfər görüşündə edəcək. Ardınca “Bakı” ilə ev, “İnter”lə qonaq meydanında oyunlar var. Şahin bəy qışadək “gəmi”ni mütləq sahilə çıxartmalıdır...

ŞAMO