Millimizin start heyəti: Berti Foqts 2 dəyişiklik etdi
11.10.2013 - 12:26
Millimizin start heyəti: Berti Foqts 2 dəyişiklik etdi
Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə bu gün keçiriləcəyi oyundakı start heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts heyətdə ciddi dəyişikliklər etməyib.

Qapıda həmişə olduğu kimi, yenə yığmanın “1 nömrə”si olan Kamran Ağayev dayanacaq. Qolkiper son çempionat oyununda “Qarabağ” qarşısında aciz qalsa belə, Foqtsun güvənini itirməyib.

Müdafiə xətti də sentyabrın 7-də İsraillə səfər oyununda olduğu kimi qalacaq. Mərkəzdə Rəşad Sadıqovla Rasim Ramaldanov yer alacaq. Sağ cinahda həmişəki kimi Mahir Şükürov, solda isə Elnur Allahverdiyev qərarlaşacaq.

Yarımmüdafiə xəttində isə dəyişikliklər diqqət çəkir. Ruslan Abışovun cəzalı olması üzündən orta sahədə onu Qara Qarayev əvəzləyəcək. Solda isə Cihan Özkaranın yerinə Vüqar Nadirov oynayacaq. Qara ilə cütlük təşkil edəcək Rahid Əmirquliyevlə, sağda çıxış edən Araz Abdullayev isə yenə ötən ay baş tutan matçda oynadığı mövqedə qərarlaşacaq.

Hücum xətti də müdafiə kimi dəyişməz qalıb. Son vaxtlar Foqtsun etimadını doğruldan Rauf Əliyevlə Rüfət Dadaşov britaniyalıların qapısına yol tapmağa çalışacaq.