Rəşad Sadıqov: Ona mən dedim ki, vur - MÜSAHİBƏ
12.10.2013 - 09:26
Rəşad Sadıqov: Ona mən dedim ki, vur - MÜSAHİBƏ
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Şimali İrlandiya ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın da mərkəz müdafiəçisi əvvəlcə 2:0 hesabı ilə qalib gəldiyimiz görüş haqda fikirlərini açıqlayıb.

- İki fərqli hissə izlədik. İlk yarıda özümüzə bənzəmədik. Çünki hazırlaşırdıq ki, onlar 4-5-1 və ya 4-4-2 taktikası ilə oynayacaqlar. Ancaq onların 3 müdafiəçi ilə oynaması bizim üçün gözlənilməz oldu. Meydanın mərkəzində daha çox yarımmüdafiəçilərinin olacağını gözləmədiyimizdən ilk yarıda oyunumuz yaxşı alınmadı. Ancaq fasilədən sonra baş məşqçi müəyyən taktiki dəyişikliklərə əl atdı. Biz də öz oyunumuzu düzəltdik. Bundan sonra istədiyimiz nəticəni əldə etdik.

- Cərimə zərbələrini Mahir Şükürov yerinə yetirirdi. Sizin standard vəziyyətlərdən yararlanmamağınız ayağınızdakı zədələrlə bağlı idi?
- Yox, hərənin öz nöqtəsi var. Son cərimə zərbəsində Mahir mənə dedi ki, hiss edirəm, qol vuracağam. Mən də dedim ki, vur. Fərqi yoxdur, kim vurur, vursun. Əsas odur ki, qələbə qazanaq.

- Malta ilə oyun da daxil olmaqla uduzmursuz. Komandada nə dəyişib ki, müsbət nəticələr qazanırsınız?
- Komandada artım hiss olunur. Onlar daha istəkli və inamlı oynayır. Bilmirəm, bu nə ilə bağlıdır. Seçmə mərhələnin əvvəllərində daha çox səfərdə çıxış edirdik. Həmin vaxt özümüzü göstərə bilmirdik və bu da psixoloji cəhətdən bizə pis təsir edirdi. Amma indi görünür ki, komandada psixoloji cəhətdən yüksəliş var. Hamı öz gücünə inanır və meydançada ancaq qələbəyə çıxır.

- Ola bilərmi ki, bu, Berti Foqtsun getməsini istəməməyinizlə bağlı olsun?
- Açığı, futbolçuların heç biri onun getməsini istəmir. Hardasa ona görə də var-gücümüzlə oynadıq ki, komandadan getməsin.

- Futbolçularda əzmkarlığın artması mükafatların məbləğinin artırılması ilə bağlı ola bilərmi?
- Burda pullar vacib rol oynamır. Mənə 1 milyon pul mükafatı da versələr, fərqli futbol oynamayacağam. Onsuz da oynayacağım budur. Oyuna çıxanda heç kim bu haqda fikirləşmir. Təbii ki, matçdan sonra pul mükafatı almaq hamıya xoşdur.

- Rusiya ilə oyun barəsində nə düşünürsünüz?
- Var-gücümüzlə çalışacağıq ki, Rusiya burdan 3 xalla qayıtmasın. Onların DÇ-yə yolu burdan keçir. Əlimizdən gələni edəcəyik ki, Bakıda qələbə qazanmasınlar.

- Rusların bura qələbə istəyilə gəlməsi bizim üçün üstünlükdür, yoxsa əksinə?
- Məncə, üstünlük deyil. Ancaq ilk dəqiqələrdə qapımızdan top buraxmasaq, sonrakı dəqiqələrdə daha rahat oynayacağıq. Onlar isə həyəcanlanmağa başlayacaqlar.

Səbuhi TOFİQOĞLU