Əsgər Abdullayev: 2 cür futbolçu olur
12.10.2013 - 10:10
Əsgər Abdullayev: 2 cür futbolçu olur
Naxçıvanın “Araz” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- I divizionda çıxış edən Naxçıvanın “Araz” klubunu çalışdırmağa razılıq verməklə, karyeranızda yeni bir səhifə açdınız. Təəssüratlarınızı bilmək istərdik.
- Qeyri-adi bir şey yoxdur. Komanda I divizionda mübarizə aparsa da, rəhbərlik tərəfindən çox yaxşı şərait yaradılıb. Burada sıfırdan komanda formalaşdırmışıq. Önümüzə baxırıq. Görüləsi çox işimiz var.

- Millimizi çalışdıran, “Bakı” və AZAL kimi komandalara rəhbərlik edən Əsgər Abdullayev I divizionda əlacsızlıqdan işləyir, yoxsa? Hər halda, layihə, perspektiv olmasaydı bura gəlməzdiniz...
- Burada futbolla bağlı yaxşı planlar var. “Araz”ın ikinci komandası da olacaq, hansı ki, Naxçıvan çempionatında iştirak edəcək. Futbolun kütləvi şəkildə inkişafı üçün nə lazımdırsa, ediləcək. İstedadlı uşaqlar kənarda qalmayacaq. Bəlli bir proqram var. Çalışırıq ki, qarşıya qoyulan məqsədləri tez bir zamanda həyata keçirək.

- Hazırda I divizionda “Turan-T”, “Kəpəz”, “Karvan” kimi klublar mübarizə aparır. Bu birinciliyə marağın artması fikri ilə razısınız?
- Bəli, əvvəlki mövsümlərlə müqayisədə maraq artıb. Düzdür, I divizionla bağlı bir o qədər məlumatım yoxdur, burada ilk ilimdir. Ancaq deyilənə görə, fərq var. Bu da bayaq adını çəkdiyiniz klubların sayəsindədir. Çünki həmin kollektivlər elitada mübarizə aparıblar. Digər tərəfdən, Naxçıvan və İmişli klubları da yarışa yeni qoşulub. Təsadüfi deyil ki, çempionluq uğrunda 6-7 komanda mübarizə aparır. Onu da qeyd edim ki, əyalət klublarının çox olması sevindirici haldır.

- 4 turdan sonra 2-ci pillədə qərarlaşmısınız. Bu oyunlara nəzərən Premyer Liqa ilə I divizion arasında müqayisə apara bilərsiniz? Bu iki yarış bir-birindən səviyyə baxımından çox fərqlənir?
- Əlbəttə, fərq hiss olunur. Ancaq burada da yavaş-yavaş inkişaf gedir. Oyunçuların ustalıq səviyyəsi məsələsi var. Əsas fərq budur. I divizionda əsasən gənc yerli futbolçular çıxış edir. Bu isə ölkə futbolunun inkişafına təkan ola bilər.

- Naxçıvandan müşahidə edəndə Topaz Premyer Liqası necə görünür? Hər halda, paytaxtdan uzaqdasınız, oyunları canlı izləyə bilmirsiniz...
- Çempionatda gərginlik hiss olunur. Rəqabət güclü olduğundan stabil çıxış etmək çətinləşib. Geridə qalan oyunları əsas götürsək, “Qarabağ”ı fərqləndirərdim.

- Çempionat yeni formatda, dörddövrəli sistemlə keçirilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Oyunların çox olması müsbət haldır. Ancaq fikrimcə, gələcəkdə Premyer Liqa iştirakçılarının sayı artırılsa, daha yaxşı olar.

- Əyalət klublarının paytaxt təmsilçilərindən üstünlüyü azarkeş amili ilə bağlıdır. Bu baxımdan Naxçıvanda vəziyyət necədir?
- Oyunlarımıza təxminən 4-5 min adam gəlir. Lakin get-gedə onların sayı artır.

- Adətən tanınmış yerli məşqçilərimiz I divizionda çalışmaq istəmirlər, uzun müddət işsiz qalsalar da, elita klublarından təklif gözləyirlər. “Araz”a rəhbərlik etməyinizi məşqçilik karyeranızda geriyə atılmış addım hesab etmirsiniz?
- Xeyr, geriyə addım saymıram. Məşqçi işləməlidir. Belə bir klubla böyük işlər görmək, irəliyə addım atmaq mümkündür. Əli hər yerə çatan bir klubla nəticə vermək problem deyil. Yaxşı şəraitimiz, stadionumuz var. Təsadüfi deyil ki, Azərbaycan Superkuboku uğrunda oyun Naxçıvanda keçiriləcək.

- Yeri gəlmişkən, Azərbaycan Superkubokunun Naxçıvanda təşkil edilməsi bu bölgədə futbola marağı artırmağa hesablanmış bir addımdır. Siz necə düşünürsünüz?
- Razıyam sizinlə. Sevindirici haldır ki, belə bir oyun məhz Naxçıvanda keçiriləcək. “Neftçi” və “Xəzər Lənkəran” ölkəmizin aparıcı klublarıdır. İnanıram ki, stadionda boş yer olmayacaq.

- AZAL-dakı işinizlə az pulla çox iş görməyi bacaran məşqçi olduğunuzu sübut etmisiniz. “Araz”ın hazırı heyəti I divizionda çıxış etmək üçün yetərli ola bilər. Ancaq elitaya yüksəlsəniz güclənməli olacaqsınız. Gələcəklə bağlı planlarınız bilmək istərdik...
- İki cür futbolçu olur: eləsi var pul arxasınca qaçır, eləsi də var ki, pul onun arxasınca. Mənə pulu yox, karyerasını düşünənlər lazımdır. Bir dəfə Aleks Ferqyussondan soruşmuşdular ki, niyə sizin transferləriniz uğurlu olur. O da cavabında demişdi ki, mən ulduz yox, ulduz olmaq istəyənləri alıram. Bax mənim futbolçu seçiminə yanaşmam bu cürdür. Bu prinsipla Premyer Liqada mübarizə aparacaq gücdə komanda formalaşdıracağıq.