Rüfət Dadaşov: Mənim üçün fərqi yoxdu - MÜSAHİBƏ
12.10.2013 - 23:20
Rüfət Dadaşov: Mənim üçün fərqi yoxdu - MÜSAHİBƏ
Millimizin hücumçusu Rüfət Dadaşov Şimali İrlandiya ilə oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, “Kayzerslautern”in forvardı öncə qarşılaşma haqqında fikirlərini açıqlayıb.

- Çətin oldu. Rəqib çox sərt oynayır. Ancaq biz yaxşı futbol göstərərək qalib gəldik. İndi isə qarşıdakı Rusiya ilə matça hazırlaşmaq vaxtıdır.

- Rusiya ilə görüşdə şanslarımız necədir?
- Qələbə qazanmaq şansı həmişə var. Mən futbol oynayıramsa, qələbə də qazanmaq istəyirəm.

- Şimali İrlandiya ilə görüşdə hesabı açdınız. Bu qolunuz haqqında nə deyə bilərsiniz?
- Həmin epizodda yaxşı oynadıq. Rauf Əliyev əla ötürmə verdi və mən də şansımı qaçırmayaraq hesabı açdım.

- Həmin qola kimi sizin daha bir dəfə fərqlənmək üçün əla şansınız vardı...
- Düzdür, belə bir şansım oldu. Həmin epizodda top sol ayağıma gəldiyi üçün düzgün toxunuş edə bilmədim. Ancaq bu futboldursa, belə hallar olur. Ən əsası, biz daha sonra yaxşı oynayıb, qollar vura bildik.

- Sizə mərkəz, yoxsa ikinci hücumçu kimi çıxış etmək daha rahatdır? Çünki mərkəzdə oynayandan aktivləşdiniz...
- Düzünə qalsa, mənim üçün fərqi yoxdur. Mən 10 futbolçunun önündə də oynaya bilərəm, mərkəz hücumçusunun arxasında da. Sadəcə, ikinci yarıda komanda daha yaxşı oynadı və mən də özümü yaxşı tərəfdən göstərdim.

- Ayağınız sarğılıdır. Bu, Rusiya ilə görüşdə meydana çıxmağınıza mane olmayacaq ki?
- Rəqib futbolçudan zərbə almışam. Ancaq fikrimcə, bu, qarşıdakı oyuna çıxmağıma maneə yaratmayacaq. Hər şey qaydasındadır.

Səbuhi TOFİQOĞLU