“Əgər bunu bacarsaq, “Qəbələ” üçün qorxulu rəqib yoxdur”
14.10.2013 - 08:44
“Əgər bunu bacarsaq, “Qəbələ” üçün qorxulu rəqib yoxdur”
“Əgər çempionatın startınadək desəydilər ki, siz ilk dövrədən sonra 16 xalla 3-cü yerdə qərarlaşacaqsınız və liderlə cəmi 2 xal fərqiniz olacaq, mən bundan razı qalardım. Çünki komandamız yeni formalaşırdı, çoxlu yeni futbolçularımız var idi, kollektiv komplektləşməmişdi. Amma hazırda ilk dövrənin nəticələrindən razı deyiləm. Çünki çox yersiz xallar itirdik. Xal itirdiyimiz oyunlarda yalnız “Neftçi” bizi üstələdi. Düşünürəm ki, digər bütün oyunlarda qalib gəlməliydik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı çalışdırıcı Topaz Premyer Liqasınınnın ilk dövrəsinin yekunları ilə bağlı fikirlərini bölüşüb. Klubun saytına danışan Syomin bəzi oyunlarda güclərini ortaya qoya bilmədiklərini ifadə edib: “Premyer Liqada çıxış edən bütün rəqiblərimizlə qarşılaşdıq. Rəqiblərimizin oyun planında məni təəccübləndirən, gözlənilməz hər hansı bir halla rastlaşmadığımı söyləyə bilərəm. Sadəcə, bəzi oyunlarda var gücümüzü ortaya qoya bilmədik. Buna misal olaraq “Sumqayıt” və “Simurq”la qarşılaşmaları göstərə bilərəm. Tam gücümüzlə çıxış etməməyimizdə rəqiblərimizin də rolu böyükdür. Onlar artıq bizi güclü rəqib kimi qəbul edir və futbolçularımıza qarşı xüsusi tədbirlər görürlər. Startda bəzi yeni futbolçularımıza elə gəlirdi ki, Azərbaycan Premyer Liqası əvvəl oynadıqları çempionatlarla müqayisədə daha zəifdir və onlara qarşı güclü rəqabət olmayacaq. Halbuki Azərbaycan çempionatı yetərincə güclü və gərgin mübarizə şəraitində keçən birincilikdir. Burada güclü məşqçi və futbolçulardan ibarət kollektivlər var. Artıq rəqiblərimizi və mübarizə apardığımız turniri tanıyırıq. Bu da o deməkdir ki, ikinci dövrədə həm münasibətdə, rəqiblərimizə qarşı mübarizədə daha diqqətli olmalıyıq".

“Qəbələ” II dövrənin açılış turunda “İnter”in qonağı olacaq. Syomin bildirib ki, onu rəqibin deyil, özlərinin necə oynayacaqları maraqlandırır: “Hazırda komandanın durumu çox yaxşıdır. Turnir cədvəlindəki yerimizi də yaxşı saya bilərik. Rəhbərliyin komandaya münasibəti də yüksək səviyyədədir. İstədiyimiz şərait yaradılıb, işimizə mane olan yoxdur. Qarşıdakı oyunlarda hər şey özümüzdən asılı olacaq. Ümid edək ki, yığma komandalar göndərdiyimiz futbolçular sağlam formada Qəbələyə dönəcəklər. Biz də komplekt şəkildə yolumuza davam edəcəyik. O ki, qaldı “İnter”lə oyuna komanda qarşılaşmaya ciddi hazırlaşır. Mənə rəqibin necə oynadığı deyil, bizim necə oynayacağımız maraqlıdır. Təbii ki, rəqibin oyununu analiz edirik və ciddi yanaşırıq. Ən əsası isə bizim tam gücümüzü nümayiş etdirməyimizdir. Əgər bunu bacarsaq, bizim üçün qorxulu rəqib yoxdur”.