“Təəssüf ki, Səmədovla meydanda üz-üzə gələcəyik”
14.10.2013 - 10:36
“Təəssüf ki, Səmədovla meydanda üz-üzə gələcəyik”
“Bizi vacib oyun gözləyir. Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov deyib.

31 yaşlı müdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin sabah Rusiya ilə keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında çıxış edib. Komandanın kapitanı qarşılaşma öncəsi iddialı danışıb: “Biz mükafat haqqında yalnız oyundan sonra danışırıq. Matçdan əvvəl bütün diqqətimizi qarşılaşmaya kökləmişik. Mahir Şükürovla Kamran Ağayevin mətbuata açıqlama verməməklərinin səbəbini bilmirəm. Gələn dəfə onlarla bu haqda danışaram. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz”.

“Təəssüf ki, Aleksandr Səmədovla meydanda üz-üzə gələcəyik. Onu Səmədov kimi adlandırmaq istəməzdim. O mənim üçün sadəcə Aleksandrdır. Əgər kimsə öz gücünə inanırsa, bunu meydanda göstərməlidir”.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu sabah “Bakcell Arena”da keçiriləcək.