Bu manqurtu fitə basın!
14.10.2013 - 12:46
Bu manqurtu fitə basın!
Yura Movsisyan adlı bir erməni futbolçu var, tanımamış olmasınız. Hazırda Moskva “Spartak”ının formasını geyinir. Bilənlər bilir, bilməyənlərin diqqətinə çatdırım ki, Yura 1987-ci ildə Bakıda doğulub, 1999-cu ilə qədər ailəlikcə paytaxtımızda yaşayıblar, sonra ABŞ-a köçüblər. Futbol oynamağa 12 yaşında, özlərinin “kiçik Ermənistan” adlandırdıqları Kaliforniya ştatında (artıq buranı da “özəlləşdirməyə” macal tapıblar) başlayıb. Vaxt keçdikcə, özünü göstərməyi bacarıb, “Kanzas Siti”nin heyətində yer alıb. “Real Solt-Leyk”lə isə MLS Kubokunu qazanmaqla, “Ağ Ev”də Barak Obamanın qəbuluna düşməyə, hətta, prezidentlə söhbətləşib, onun yüksək yumor hissinə malik olduğunu anlamağa macal tapıb. Avropaya üz tutmağa qərar verəndə, öncə Danimarkaya yerləşib, “Randers”in şərəfini qoruyub. Daha sonra Rusiyaya istiqamət alıb - əvvəl “Krosnadar”, ardınca “Spartak”.

2012-ci ilin sonunda Moskva təmsilçisi ilə 4,5 illik müqavilə bağlayıb. Bir neçə ay öncə illik maaşı 1,5 milyon avro olan Movsisyanın müsahibəsi ilə tanış oldum. Etiraf edim ki, çox təsirləndim. Adam Bakıda doğulub, Kaliforniyada böyüyüb, hazırda Rusiyada yaşayır. Ermənistana ancaq millinin oyunları olanda gedir. Gəl ki, Yurada öz xalqına, vətəninə inanılmaz sevgi var. “Erməni kimi düşünüb, amerikalı kimi yaşayıram” deyir. Sən demə, erməni olması ilə fəxr etməsinin səbəblərində biri də milli mətbəxlərinə olan vurğunluğu imiş. Onun fikirləri ilə tanış olduqca, millətinə bu dərəcədə bağlılığının səbəbini anlayırsan. Heç vaxt Ermənistanda yaşamasa da, kimliyini unutmayıb. Müsahibəsində söz düşən kimi, qürurla Kaliforniyada, Danimarkada, Rusiyada erməni ailələri ilə birlik-bərabərliklərinə diqqət çəkir...

Kimsə yanlış anlamasın, məqsədim milliyyətçə erməni olan birini tərifləmək deyil. Ancaq Aleksandr Səmədov kimi bir manqurta ancaq Movsisyanı nümunə gətirmək lazımdır ki, məsələdən məlumatsız olanlar vəziyyətin nə yerdə olduğunu bilsinlər. Deməli, azərbaycanlı bir kişinin oğlu olan Saşa Rusiyada doğulub, AFFA ona dəfələrlə dəvət göndərsə də, geri çevirib. Damarında azərbaycanlı qanı axan bu manqurt Rusiya Futbol İttifaqının vitse-prezidenti, milliyyətçə erməni olan Nikita Simonyanın məsləhəti ilə Şimal qonşularımızın yığmasında oynamağı üstün tutub. Bunu mən demirəm, Simonyan özü mətbuata açıqlamasında bildirib ki, Saşa bizim məsləhətə qulaq asıb, Azərbaycana “yox” dedi...

Bizdən olub, kökünə dönük çıxan Səmədov hazırda Azərbaycandadır. Təzə xəbər odur ki, sabah Rusiya millisinin heyətində yığmamıza qarşı mübarizə aparacağı gözlənilən Saşa bu gün şimallı həmkarlarımıza müsahibə verib. Oxuyub, biganə qala bilmədim. Hərçənd, onu bir azərbaycanlı kimi çoxdan dəftərdən silmişəm. Hələ iki il öncə qələmə aldığım “Futbolçularımızın erməni dostları” başlıqlı yazımda bu manqurtu ifşa etmişdim. Ancaq yenə də bugünkü müsahibəsini oxuyanda çox pis oldum. Əsas da “atam oğlunun oynadığı komandaya, Rusiya millisinə azarkeşlik edəcək” cümləsinə yandım. Heyif, çox heyif... Təəssüf hissi keçirməyimizə belə, layiq deyilsiniz: nə sən, nə də azərbaycanlı olduğu deyilən atan.

Azarkeşlərdən bir xahişim var: sabah bu manqurtu fitə basın!

ŞAMO