Ruslan Abışovu ehtiyatda görən hakim Bakıya gəlir - FOTO
14.10.2013 - 14:38
 Ruslan Abışovu ehtiyatda görən hakim Bakıya gəlir - FOTO
21 yaşadək futbolçulardan ibarət millimizin Portuqaliya ilə görüşünü sabah idarə edəcək Antti Munukkanın kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Munukka 1982-ci ilin martın 3-də anadan olub.

Finlandiyada hakimlikdən əlavə, məşqçilik və kommunakasiyalar köməkçisi vəzifəsində çalışır. 31 yaşlı referi 2010-cu ilin mayın 30-da İspaniya ilə İngiltərə arasında keçirilmiş U-17-lər arasında Avropa çempionatının finalını idarə edib. Maraqlıdır ki, beynəlxalq təcrübəsi çox olan Munukka indiyədək nə bizim, nə də Portuqaliya təmsilçilərinin görüşlərində fit sahibi olmayıb.

Ancaq o, əsas millimizin yarımmüdafiəçisi Ruslan Abışova yaxşı tanışdır. Belə ki, onun forma geydiyi “Rubin” iyulun 25-də Avroliqanın 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Yaqodina” ilə qarşılaşarkən finlandiyalı referi iş başında olub. Kazanda keçirilən qarşılaşmada “Rubin” 1:0 hesabı ilə qalib gəlsə də, Ruslan sonadək ehtiyatda qalmışdı. Həmin görüşdə Munukkanın vərəqələri ancaq serblərə tərəf istiqamətlənmiş, referi 90+3-də isə onları azlıqda qoymuşdu.

Qeyd edək ki, sabah “Bayıl Arena”da 16:00-da başlayacaq görüşdə Munukkanın köməkçiləri Matii Heyninen və Yan-Peter Aravirta olacaq. Bu qarşılaşmanın dördüncü hakimi isə Mattias Gestraniusdur.