Millimiz Olimpiya Oyunlarının 1 addımlığında
14.10.2013 - 16:14
Millimiz Olimpiya Oyunlarının 1 addımlığında
15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) Yeniyetmələr arasında Olimpiya oyunlarına seçmə xarakteri daşıyan turnirə qələbə ilə başlayıb. Apapsort.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahının ərazisində yerləşən stadionda baş tutan matçda yığmamız İsraillə görüşüb.

İspaniyalı mütəxəssis Patrisiya Qonzalesin yetirmələri 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Nərmin İsmayılova və Gültac Məmmədəliyeva vurub. Futbolçularımız oktyabrın 16-da keçiriləcək final oyununda Slovakiya - Rumıniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, mini-turnirin qalibi 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Yeniyetmələr arasında Olimpiya oyunlarına vəsiqə qazanacaq.

Mənbə: affa.az