Sergey Yuran: Afərin, Azərbaycan yığmasına!
16.10.2013 - 10:34
Sergey Yuran: Afərin, Azərbaycan yığmasına!
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının sabiq hücumçusu millimizlə dünənki oyun haqqında danışıb.

- Braziliyada keçiriləcək dünya çempionatına çıxdıq. Təəssüratlar necədir?
- Əgər biz dünya çempionatına qrupu 1-ci yerdə tamamlamaqla çıxmışıqsa, hansı təəssüratlar ola bilər ki? Əlbəttə ki, sevinc hissləri!

- Ən zəif rəqiblə heç-heçə etmək sizə ağır təsir etmədi?
- Nə vaxtdan Azərbaycan ən zəif komanda sayılır? Bakıda alman mütəxəssisin rəhbərlik etdiyi təşkilatlanmış komandaya qarşı oynadıq. Biz bəyəm onlara 10 qol vurmalı idik? Oradakı insanlar da futbol oynamağı bacarır. İndi artıq komandaları güclü və zəifə bölmək olmur. Hətta Lüksemburq və ya hansısa Kipr də qələbə qazanmağı bacarır. İndi hamı futbol oynamağı bacarır. Biz səfərdə oynadıq və bizim qarşımızda tapşırıq DÇ-yə düşmək idi. Bu tapşırığı yerinə yetirməyə futbolçu və məşqçilər heyəti qərar vermişdi. Oyuna gəlincə, biz demək olar ki, matça nəzarət edirdik. Kerjakov qapıçı ilə təkbətək çıxdığı epizodda oyunun taleyini həll edə bilərdi. Sonluq isə belə alındı. Təəssüf ki, son oyunlarımızda belə olur. Necə ki, Kazanda Lüksemburqla da belə olmuşdu. Son dəqiqələrdə qapımızdan top buraxdıq. Bunu düzəltmək lazımdır. Ancaq ümumilikdə uşaqlar istəkli oynadılar, çalışdılar. Bundan başqa, bizimlə mükafat alacaqlarına söz verilən, matça yaxşı köklənmiş, azarkeş dəstəyi görən rəqibin oynadığını da unutmayaq. Bu az əhəmiyyətli amil deyil. Ümumilikdə məşqçilər heyətinə və oyunçulara təşəkkür düşür. Biz DÇ-dəyik! Çoxdandır ki, ilk pillədə olmamışdıq.

- Rusiya yığması ikinci yarıda nəticəyə görə oynamaqla risk etmədi ki?
- İstənilən məşqçi deyir ki, nəticəyə oynamaq lazımdır. Biz oyuna nəzarət edirdik, 1:0 hesabı bizi qane edirdi. Ona görə də oyunçular topu özlərində saxlamağa çalışırdı. Belə baxanda həmin radələrdə matçın bitməsinə çox az vaxt qalmışdı. Bəli, standart zərbələrdən qol vurmaq olardı. Ancaq bu, futboldur, burda hər şey olur. Burda nəyə görə kimisə təqsirləndirməliyik ki? Azərbaycanla 1:1 oynadıqlarına görə hamını günahlandırmaq olmaz.

- Azərbaycan yığmasının futbolçularına qələbəyə görə söz verilən böyük mükafatları “yanıb külə döndü”?
- Nəyə görə onlar bundan məhrum olmalıdır ki? Fikrimcə, heç-heçəyə görə də onlar mükafat alacaq. Əgər biz 5:0 qalib gəlsəydik, onda demək olardı ki, makafatlar “külə döndü”. Onlar oynadılar, çalışdılar. Azərbaycanlılar başa düşürdü ki, Rusiya ilə açıq futbol oynamaq çətin olacaq. Haradasa ikinci tempdə oynamağa çalışdılar. Cənubda həmişə oyun intizamı ilə bağlı problemlər olub. Ancaq burda Berti Foqtsun bu baxımdan işi görünür. Onlara oyun intizamını düzəltmək müyəssər olub. Azərbaycanlılar çalışıb işlərinin öhdəsindən gəldilər. Afərin onlara ki, 10 futbolçu ilə hesabı bərabərləşdirdilər. Azərbaycanlılar sevinirdi, çünki Rusiya yığması ilə bərabərlik qələbəyə bərabər tutula bilər.

- DÇ-nin başlanmasına kimi Kapellonun müqaviləsinin müddətinin uzadılmasına dəyərmi?
- Fikrimcə, dəyər. Hazırda oyunçular Kapellonun bütün tələblərini yerinə yetirir. Əgər o razılaşarsa, bu, yaxşı variant olar.