Aleksandr Səmədov: Mənə edilən təzyiq xoş deyildi – MÜSAHİBƏ
16.10.2013 - 11:40
Aleksandr Səmədov: Mənə edilən təzyiq xoş deyildi – MÜSAHİBƏ
Millimizin Rusiya ilə oyunundan sonra rəqib komandanın sağ cinah yarımmüdafiəçisi Aleksandr Səmədov mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, Moskva “Lokomotiv”inin futbolçusu yerli jurnalistlərin suallarını da cavablandırıb.

- Oyunun yekun nəticəsindən razı qaldınızmı?
- Yaxşı oyun alındı. Maraqlı qarşılaşma keçdi. Heç-heçə qeydə alındı. Ancaq qələbə qazanmaq istəyirdik.

- Sizə qarşı yerli azarkeşlər tərəfindən təzyiq var idi...
- Elədir. Ancaq mənə qarşı olan təzyiq xoş deyildi.

- Siz belə təzyiqi gözləyirdiniz?
- Xeyr. Azarkeşlərin mənə qarşı belə təzyiq edəcəyini gözləməzdim.

- Belə reaksiya sizin Azərbaycan haqqında təəssüratlarınızı korlamadı?
- Yox. Onun buna dəxli yoxdur. Ölkə haqqında təəssüratlarım əladır. Bakı mənim xoşuma gəldi.

- Sizin şəhəri görmək imkanınız oldu?
- Əlbəttə. Biz avtobusla stadiona gəlmişik. Həmin yarım saat ərzində şəhəri görmək imkanım oldu. Gözəl şəhərdir.

- Oyundan sonra siz Rəşad Sadıqova yaxınlaşdınız. Onunla nə haqqında söhbət etdiniz?
- Biz sadəcə oyundan öncə verdiyimiz açıqlamalara aydınlıq gətirməyə çalışdıq. Bir-birimizin əlini sıxdıq. Ümumilikdə bir-birimizi başa düşdük və normal şəkildə ayrıldıq.

- Vətəniniz Azərbaycandır. Buranın millisini seçməməyinizin səbəbini bilmək olar?
- Mənim atam azərbaycanlıdır. Özüm isə Rusiyada, Moskvada doğulmuşam. Ona görə də Rusiya millisində oynayıram. Yığmada hansı milləti təmsil etməyin əhəmiyyəti yoxdur. Əsas doğulduğun yerdir.

Səbuhi TOFİQOĞLU