“AFFA-ya qarşı sanksiya mütləq olacaq”
16.10.2013 - 15:51
“AFFA-ya qarşı sanksiya mütləq olacaq”
“Oyun kifayət qədər maraqlı alındı. Bizim uşaqlar hesabda uzun müddət irəlidə oldu, çoxlu qol şansları yaratdılar. Əlbəttə, sonda arxayınlaşdılar və qol buraxdılar. Ancaq turnir baxımından bu, çox da vacib deyil. Azərbaycanlılar tədricən artırır və nəticəni bizim üçün məyusedici saymaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının sabiq hücumçusu Aleksandr Panov deyib.

Karyerasını hazırda həvəskarlar arasında birincilikdə davam etdirən 38 yaşlı hücumçu oyun haqqında fikirlərini bildirib. Daha çox “Zenit”dəki çıxışları ilə populyar olan bəstəboy Panov millimizi tərifləyib: “Kimlərsə buraxdığımız topda “qardaş xalq”ın ünvanına alicənab jest olduğunu fikirləşirsə belə, burda pis şey yoxdur. Azərbaycan yığmasının futbolçuları sonadək döyüşdülər, öz azarkeşlərini sevindirmək üçün hesabı bərabərləşdirməyə cəhd etdilər”.

Təbii ki, ona Aleksandr Səmədovun vəziyyəti ilə bağlı sual verilməyə bilməzdi. Onun fikrincə, Səmədova qarşı azarkeşlərimizin etdiyi şüarlara görə AFFA-nı sanksiya gözləyir: “Bizdə Moskvada milli zəmində böyük münaqişələr çoxdan olub. Səmədovla bağlı hazırkı situasiya isə bütün bu xoşagəlməz tarixin davamıdır. Sevindirici haldır ki, Azərbaycan yığmasının oyunçuları öz fanatlarını sakitləşdirməyə çalışdı. Sanksiya tətbiq oluna bilərmi? Fikrimcə, sanksiya mütləq olacaq”.