“Azərbaycan yığmasının təhlükəli hücumlar qurmasının qarşısını aldıq”
17.10.2013 - 10:15
“Azərbaycan yığmasının təhlükəli hücumlar qurmasının qarşısını aldıq”
“Qızlar həm fiziki, həm də psixoloji baxımdan çətin oyun keçirdilər. Azərbaycan yığmasının təhlükəli hücumlar quraraq meydanda liderlik etməsinin qarşısını almaq mümkün oldu”. Apasport.az saytının məlumatına görə, bunu 15 yaşadək qızlardan ibarət Slovakiya millisinin baş məşqçisi Branislav Petroviç deyib.

Serbiyalı məşqçi Çində yeniyetmələr arasında keçiriləcək Yay Olimpiya Oyunları uğrunda final görüşündə milimizi necə yenmələrindən danışıb. Onun fikrincə, rəhbərlik etdiyi yığma meydanda Patrisiya Qonzalesin yetirmələrindən üstün oynayıb: “Bizim qızlar meydanda dominantlıq edirdi və mərkəzdə oyuna nəzarət edirdi. Biz meydanda 60-nın 40-a üstünlüyə malik idik. Qızlara turnirdə öz oyunlarını göstərdiklərinə və bizim ölkəni xaricdə yaxşı təmsil etdiklərinə görə böyük tərif düşür”.

Slovakiya yığmasının kapitanı Mariya Mikolayova isə qarşılaşma haqda bunları deyib: “Oyunda çoxlu qol vurmaq şanslarımız oldu. Ancaq biz həmin şanslardan yararlana bilmədik. Yalnız 1 qol vurduq. İndi isə səbirsizliklə Çində keçiriləcək olimpiya turnirinin başlanmasını gözləyirik”.

Qeyd edək ki, U-15 dünən həlledici görüşdə Slovakiyaya məğlub olub. Görüşdə yeganə qolu 25-ci dəqiqədə Martina Şurnovska vurub.