Mələyən qoyunlar, süni ajiotaj, “nakazat” edilən Səmədov
17.10.2013 - 14:00
Mələyən qoyunlar, süni ajiotaj, “nakazat” edilən Səmədov
Çərşənbə gününün səhəri qurbanlıq qoyunları, axşam rusların mundiala gedən yolunu kəsmək üçün köklənmişdik - bayram bayrama qarışa bilərdi. Birinci adət-ənənədə, dinimiz qaydalarından irəli gəldiyindən, burada çətin bir iş yox idi. Hərçənd, insanımızın Qurban bayramına yanaşma tərzi sadəcə, təəssüf hissi doğurur. Bu, bayramdan çox “qoyunların soyqırımı”na bənzəyir. Borc-xərcə düşüb, qurbanlıq alan kim, donuz otarılacaq zibilliklərdə qurban kəsib, pulla satan kim... Bunun harası İsmayıl qurbanı oldu?

Vallah, İslam bizdən bunu tələb etmir. Başınızı qaldırıb dünyaya baxın, bir işin qulpundan adət deyə yox, mahiyyətinə vararaq yapışın. XXI yüzilliyə gəldik, nə toyumuz toydur, nə yasımız yasdı, nə də bayramımız bayram. Təfəkkürümüzə əl gəzdirməkdə gec qalmışıq...

Axşam rusları da məğlub edə bilmədik. Uduzmasaq da, şimallıların dünya çempionatına yollanmalarına əngəl olmağı bacarmadıq. Gücümüz son anda məğlubiyyətdən qaçmağa çatdı. “Yol əhvalatı”nda necə deyir? Əmi sənə bir “beş”, yaxşı plan cızmışdın. Mələdi qoyunlar...

Srağagünkü oyunun nəticəsi turnir baxımından ruslar üçün vacib idi, bizim üçün deyil. Fabio Kapellonun komandası dünya çempionatına birbaşa vəsiqə qazanmaqdan ötrü Bakıda uduzmamalı idi. İlk baxışdan onlar üçün çətin tapşırıq olmasa da, şimallılar arxayınçılığın, rəqibi qiymətləndirməməyin qurbanı olmaqdan çox qorxurdular. Elə ona görə də, matç ərəfəsində özlərinə əl qatmışdılar.

Ruslar futbolçularını qarşılaşmaya kökləməkdən ötrü süni ajiotaj yaratmaq üçün 3 amildən istifadə etdilər. Birincisi, 127 min dollar mükafat söhbəti. “Qızıl buts”un sahibi Oleq Salenkodan tutmuş, Ramin Musayevə qədər bir çox adamdan buna münasibət öyrəndilər. İkinci məqam oyunçularımızın dueldən öncə verdikləri açıqlamalarla bağlıdır. Bizimkilər qeyr-adi heç nə söyləməsələr də, rusiyalı jurnalistlər fərqli şeylər yazdılar, millimizin oyunçularını çox danışmaqda qınamaqla öz futbolçularını qıcıqlandırdıb, motivasiya etdilər. Üçüncü amil isə Aleksandr Səmədovla bağlıdır.

Görüşdən bir gün öncə ondan müsahibə götürən şimallı həmkarlarımız “bizim uşağ”a təxribat xarakterli suallar verdilər. Məsələn, soruşurlar ki, atan kimə azarkeşlik edəcək. Adam nə cavab versin? Səmədov “Azərbaycan” deyib doğulduğu, yığmasında oynadığı ölkədə pis olunca, “Rusiya” söyləməyi üstün tutdu. Hələ üzərində “azərbaycanlıları “nakazat” edəcəyik” də deyib, bizə od qoydu.

Yeri gəlmişkən, oyuna 4-5 saat qalmış redaksiyamıza bir zəng gəldi. Gəncədən bizi arayan adam dedi ki, bəs Səmədovun atası 2 aydır rəhmətə gedib, siz fil qulağında yatmısınız. Təbii ki, inanmadım. Ən azı ona görə ki, futbolçudan müsahibə götürən ruslar ona “atan kimə azarkeşlik edəcək” sualını verməzdilər. İstənilən halda, Saşanın azərbaycanlı, gəncəli olan atasının özü ilə danışmağı lazım bildim. “Bu nə məsələdir, siz heç öz oğluna Azərbaycan, vətəniniz barədə bir şeylər danışmamısınızmı” kimi suallarım vardı ona.

Götürüb başqa bir gəncəliyə - Yadigar Süleymanova, ölkəmizin avrokuboklarda ilk qolunu vuran adama zəng vurdum. O da Moskvada yaşayır. Hal-əhval tutub, mənə Səmədovun atasının nömrəsini verməyi xahiş etdim. Dedi ki, onu çox yaxşı tanıyır, arabir görüşürlər, əsl adı Sergeydir, amma Moskvada bizimkilər onu “Sabir dayı” deyə çağırırlar. Onu da əlavə etdi ki, çətin adamdı, müsahibə verməklə arası yoxdur. Dedim eybi yox, siz nömrəsini verin. “Gözlə özündən soruşum, sən 5 dəqiqəyə təkrar yığ” söylədi. Təəssüf ki, 5 dəqiqədən sonra 15 dəfə zəng vursam da, veteran futbolçumuz cavab vermədi. Nə deyim, Moskva bazarları korlayıb insanımızı.

Kim bilir, bəlkə də, Sabir kişi ilə danışmağa müvəffəq olsaydıq, fərqli şeylər söyləyərdi, onun deyəcəkləri oğlunun söyülməsinə, fitə bəslənməsinə əngəl olardı. Amma olmadı. Səmədovun qismətində atasının vətənində soydaşlarının nifrəti ilə üzləşmək də varmış.
Allah düşmənə belə göstərməsin. Nə Saşa, nə də komanda yoldaşları Bakıda mundiala vəsiqə qazanmağın dadını çıxarda bildilər. Publika Səmədovu “nakazat” etdi, özü də artıqlaması ilə...

Məsələ bir millətdən olub, başqa ölkənin yığmasını seçməkdə deyil. Bu gün müxtəlif xalqlardan başqa dövlətin bayrağı altında çıxış edən minlərlə idmançı, futbolçu var. Buna hər kəs özü qərar verə bilər. Kimsə Səmədovu buna görə fitə basıb, söyübsə, öz işidir. Ancaq fikrimcə, Saşanın doğulub, boya-başa çatdığı Rusiyanın millisində oynamağı seçməsində faciəvi bir şey yoxdur. Qəbahət onun kimliyini unutmasındadır. Yəqin ki, Bakıda yaşadıqlarından sonra Səmədov bu barədə dərindən düşünər.

Sonda onu da deyim ki, Rusiya millisinin üzvü Vasili Berezutski “Azərbaycanlılar heç-heçəyə sanki bizimlə Braziliyaya gedəcəklər kimi sevinirdilər” – deməklə, futbolçularımıza yaman “ilişib”. Onları bilmirəm, mən nə bərabərliyə, nə də qazandığımız 9 xala sevinirəm. Amma komandamız seçmə mərhələni 3 məğlubiyyətlə başa vurması, qrupda yalnız Rusiya və Portuqaliyaya uduzması gələcəyə nikbin baxmağa əsas verir.

ŞAMO