“Hamı Toşakdan yaxşı nəticə gözləyir” - MÜSAHİBƏ
17.10.2013 - 17:00
“Hamı Toşakdan yaxşı nəticə gözləyir” - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Nikola Qliqorovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasında I dövrə başa çatdı. Komandanızın çıxışını necə dəyərləndirirsiniz?
- Mövsümə zəif başladıq. Bu cür çıxış etməyimizdə Avropa Liqasının da təsiri oldu. Dövrənin sonlarında bir neçə qələbə qazandıq. Bu da özümüzə gəlməyimizə kömək etdi. Təbii ki, hazırkı mövqe “Xəzər Lənkəran” kimi klubun adına yaraşmır. Komanda tədricən özünə gəlir. Yüksələn xətt üzrə inkişaf edəcəyik. Birinci dövrədə çox xallar itirdik. Fasilədən sonra bunu bərpa etməyə çalışacağıq.

- Qeyri-sabit çıxış etməyiniz nədən qaynaqlanır?
- Çempionatın əvvəllərində komandada psixoloji problem var idi. Elə Avropa Liqası çərçivəsində “Makkabi” ilə matçda da bu gərginlik hiss olunurdu. Bununla belə, son 5-6 oyunda daha yaxşı çıxış etməyi bacardıq. Hərçənd, “İnter”ə doğma meydanda uduzduq. Lakin həmin matçı izləyənlər bizim daha yaxşı oyun nümayiş etdirdiyimizi deyirdilər. “Rəvan”la heç-heçə etdiyimiz qarşılaşmada da kifayət qədər şanslarımız oldu, təəssüf ki, onlardan istifadə edə bilmədik. Fikrimcə, gələcəkdə daha yaxşı oynayıb, layiq olduğumuz qələbələri qazanacağıq.

- Azarkeşlər Con Toşakın rəhbərliyi altında komandanın daha yaxşı nəticələr qazanacağını düşünürdülər. Lakin komanda hələlik bunu bacarmır. Necə düşünürsüz, baş məşqçi komandadan ayrılmalıdırmı?
- Əlbəttə, biz də onun rəhbərliyi altında yaxşı nəticələr qazanacağımızı düşünürük. O, təcrübəli məşqçidir. Avropa futbolunu yaxşı bilir, güclü klublarda məşqçilik edib. Futbol karyerası da ortadadır. O, komandaya güclü futbolçular dəvət edib. Hamı ondan yaxşı nəticə gözləyir.

- Toşakın dəvət etdiyi futbolçulardan biri də sizsiniz. Ancaq sabit oynamırsınız...
- Düzdür, son oyunda meydana çıxmadım. Bu, baş məşqçinin qərarıdır və hörmətlə yanaşmalıyıq. Çünki o, hər oyuna görə futbolçu seçir. Vacib olan komandanın uğur qazanmasıdır.

- Qış fasiləsində sizin başqa klublara icarəyə veriləcəyiniz deyilir. Bu, nə dərəcədə realdır?
- Bu haqda məlumatım yoxdur. Heç kim mənimlə danışmayıb. İlk dəfə sizdən eşidirəm. Bura gəlmişəm ki, yaxşı oyun sərgiləyim və komandama kömək edim.

- II dövrə başlamaq üzrədir. Bu dəfə fərqli “Xəzər Lənkəran” görə biləcəyikmi?
- Komanda ikinci dövrəyə tam hazırdır. Yığmanın oyunları ilə bağlı yaranmış fasilədən də lazımınca istifadə etdik. Birinci dövrədə çox heç-heçələrimiz oldu. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq.

- Gələn həftə Superkubok oyununa çıxacaqsınız. Əzəli rəqibiniz “Neftçi” ilə duel haqda nə düşünürsüz? Kuboku Lənkərana apara biləcəksinizmi?
- Böyük oyun olacaq. “Neftçi” həqiqətən də güclü komandadır. Onlar arxada qalan mövsümdə həm çempion oldular, həm də kuboku qazandılar. Biz də özümüzə inanırıq. Komandamızın qələbə qazanacağını düşünürəm.