Fransadan Azərbaycan yığmasına “Randevu” - FOTO
17.10.2013 - 16:45
Fransadan Azərbaycan yığmasına “Randevu” - FOTO
Növbəti Avropa çempionatının devizi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2016-nı qəbul edəcək Fransada təşkil olunan təntənəli mərasimdə yarışın “Le Rendez-Vous” (Randevu) şüarı altında keçiriləcəyi elan edilib.

Marsel meriyasının binasında təşkil olunan tədbirdə UEFA prezidenti Mişel Platini, həmçinin Fransa Futbol Federasiyasının, Təşkilat Komitəsinin rəhbərləri və ölkənin idman naziri iştirak edib. Lozunqun “Randevu” seçilməsi yarışda iştirak edəcək 24 komanda ilə görüş anlamına gəlir.

İlk dəfə 24 komandanın qatılacağı yarışın seçmə mərhələsinə qatılacaq 53 iddiaçı arasında Azərbaycan millisi də olacaq. Yığmamızın baş məşqçisi Berti Foqts hələ bir neçə il əvvəl yığmamızı məhz Fransadakı yarışa çıxaracağını söz vermişdi. Bu üzdən “Randevu” komandamıza da şamil oluna bilər.