“Heç vaxt Səmədovdan kömək ummaram”
18.10.2013 - 14:15
“Heç vaxt  Səmədovdan kömək ummaram”
Moskva “Lokomotiv”inin əvəzedici komandasının və Azərbaycan yığmasının (U-19) futbolçusu Samir Məsimovun apasport.az saytına müsahibəsi

- Əvvəlcə özünüz haqda məlumat verərdiz...
- Valideynlərim azərbaycanlı olsa da, mən Rusiyada anadan olmuşam. Ailəmiz təxminən 20 ildir Moskvada yaşayır. Əvvəllər tez-tez Azərbaycana gəlirdim. Məktəbdə qış tətili başlayanda Bakıya, yay tətilində isə Tovuza gedirdim.

- Neçə yaşınızdan futbol oynayırsız?
- 7 yaşım olandan məşqlərdə iştirak edirəm. Atam adımı “Lokomotiv”in uşaq komandasına yazdırmışdı. İlk addımımı burada atdım. Məşqçim isə Viktor Artyukov olub. Təxminən 4 il bu komandada oynadıqdan sonra Moskvanın digər təmsilçisi “Spartak”a keçdim. Çünki komandada müəyyən problem yaranmışdı. Buna görə də yerdəyişmə etməyə ehtiyac var idi. “Spartak”da 5 il keçirdim, çoxlu oyunlarda iştirak etdim, təcrübə qazandım.

- Yenidən “Lokomotiv”ə dönüşünüz nə ilə bağlı idi?
- Məşqçim Sergey Polstyanov “Spartak”dan “Lokomotiv”ə keçdi. O, 19 yaşlılardan ibarət komandaya rəhbərlik edirdi. Məni də həmin heyətə dəvət etdi. Bir il “Lokomotiv”in U-19-da oynadıqdan sonra əvəzedicilərə keçdim.

- Əvəzedici komandada daimi oynamırsız. Bu nədən qaynaqlanır?
- Əsas heyətdə olmasa da, baş məşqçi sonradan meydana daxil olmağıma şərait yaradır. Hər oyunda 15-20 dəqiqə olsa da, çıxıb komandama kömək edirəm.

- Bəs niyə ilk “11-liy”ə düşə bilmirsiz?
- Orada daha təcrübəlilər yer alır. Həm də çalışırlar ki, öz yerli uşaqları oynasınlar. Mən seçimimi Azərbaycan yığmasının xeyrinə etdim. Bu da heyətə düşmək baxımından həlledici rol oynaya bilər. Çünki Azərbaycan millisinin seçdikdən sonra müəyyən problemlərim yarandı. Bu üzdən də 15-20 dəqiqə oynamaq şansı qazanıram.

- Azərbaycan yığmasını seçməyiniz “Lokomotiv”dəki karyeranıza necə təsir edəcək?
- Bunu komandaya döndükdən sonra biləcəyəm. Çalışacağam “Lokomotiv”də qalım.

- Onlar yığmamızda oynamamaq üçün sizə təzyiq edirdilərmi?
- Narazı idilər. Yığmanın düşərgəsinə yollanmağımı istəmirdilər. Çünki Rusiyada legioner problemi var. Mən də Azərbaycanda oynadıqdan sonra legioner hesab ediləcəyəm. Klubda qalıb, əsas komandaya yüksəlmək üçün gərək yerlilərdən ən azı iki baş güclü olasan. Təzyiqlərə baxmayaraq, Azərbaycanı seçdim.

- Seçim öz istəyinizdir, yoxsa valideynləriniz məsləhət bildilər?
- Düşündüm, dedim, gedirəm Azərbaycan yığmasına. Bu komandaya kömək etmək istəyirəm.

- “Lokomotiv”in əsas komandasına yüksəlmək şansınız varmı?
- Əlbəttə var. Bu özümdən asılıdır. Yaxşı oynasam, onlar legioner statusuna görə imtina edəsi deyillər. Milyonları legionerlərə verdiklərinə, mən ordayam, oynayacağam.

- Yəqin Azərbaycan və Rusiya yığmaları arasında keçirilən oyunu izlədiz. Seçimi Rusiyanın xeyrinə edən Aleksandr Səmədovun durumu haqda nə deyə bilərsiz?
- Səmədovu tanıyıram, yaxşı oğlandır. Onunla söhbətimiz zamanı da dedim ki, bunu özün üçün edirsən. Səmədovu azərbaycanlı saymıram, rusdur. Özü də deyir ki, mən rusam. Aramızda heç bir problem yoxdur.

- Onunla görüşmüsünüz?
- Oyunlara gedəndə qarşılaşırıq, söhbətləşirik.

- “Lokomotiv”ə döndükdən sonra onu görəcəksiz. Bakıdakı oyunla bağlı sual verəcəksənizmi?
- Təbii, ondan Bakı, azarkeşlərin münasibəti haqda sörüşacağam. Deyəcəyəm, atmosfer necə idi? Bunları Səmədovdan mütləq xəbər alacam.

- Səmədov sizin azərbaycanlı olduğunuzu bilirmi?
- Əlbəttə bilir. Atamla atasının münasibəti var.

- Bəs onun hansısa dəstəyini hiss edirsinizmi?
- Xeyr, heç vaxt Səmədovdan kömək ummaram. Öz gücümə inanıram.

- U-19-un Avropa çempionatı çərçivəsində keçirdiyi 3 oyun haqda nə deyə bilərsiz?
- Qələbə istəyimizin həddindən artıq çox olması bizi “yandırdı”. Həm də ustalıq baxımından rəqiblərdən geri qalırdıq. Yəni istəmək azdır, gərək oynayasan. Bu cür qarşılaşmalarda qələbə qazanmaq üçün ustalıq səviyyən də yüksək olmalıdır.

- Rəqiblərimiz arasında ən güclüsü hansı idi?
- İsveç yığması digərlərindən daha güclü idi.

- Nə vaxtsa Azərbaycan klublarında oynamaq haqda düşünürsünüzmü?
- Vaxtı çatanda, fiirləşəcəm. Azərbaycan çempionatının hansı səviyyədə keçdiyi mənim üçün maraqlıdır. Ancaq əsas istəyim Avropaya yollanmaqdır. Məqsədim budur.

- Hansı klubda oynamaq istərdiz?
- İtaliya “İnter”ində və Türkiyənin “Fənərbaxça” klubunda. Rusiyaya gəldikdə, düşünmədən “Spartak”ı seçərdim. “Spartak”dan dəvət alsaydım, düşünmədən “hə” deyərdim.