“İnter” “Simurq”un “böyük qardaşı”dır mövzusu çoxdan var” - MÜSAHİBƏ
18.10.2013 - 15:10
“İnter” “Simurq”un “böyük qardaşı”dır mövzusu çoxdan var” - MÜSAHİBƏ
“Simurq”un müdafiəçisi Ruslan Poladovun apasport.az saytına müsahibəsi

- Qarşıdan Topaz Premyer Liqasının X turunun “Xəzər Lənkəran”la oyunu gəlir. Bu qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik...
- Sizdən xahiş edirəm, mənə qarşılaşma haqda sual verməyin. Baş məşqçi matçdan əvvəl qarşıdakı görüş haqda danışmağımızı istəmir. Biz oyun haqqında danışanda istər-istəməz rəqibin motivasiyasına da təsir etmiş oluruq. Ancaq başqa nə haqda istəyirsinizsə, danışa bilərəm.

- Onda bu sualdan başlayaq. “Simurq”da sabiq komanda yoldaşınız olmuş Dmitri Kramarenko millinin Rusiya ilə matçından əvvəl rus jurnalistlərə müsahibə verib. O deyib ki, “Simurq” “İnter”in farmklubudur. Belə sözlər sizi qıcıqlandırırmı?
- Bu, yeni hal deyil ki... Bunu çoxları deyib. Ancaq “İnter”lə oyuna çıxanda nəticədən də görünür ki, belə deyil.

- Belə açıqlamalar sizdə qıcıq doğurmursa, deməli, sizə artıq adi hal kimi görünür?
- Adi hal deyəndə ki, mən “İnter”də oynayanda da belə söhbətlər vardı. “İnter” “Simurq”un “böyük qardaşı”dır mövzusu çoxdan var. Əsas odur ki, meydançada bu söhbətin mənasız olduğunu göstəririk. Sonuncu oyunu da xatırlayırsınızsa, 2:1 hesabı ilə “İnter”ə qalib gəlmişik.

- Gah Qəbələnin stadionunda, gah “Şəfa”da, gah da “Bayıl Arena”da ev oyunlarını keçirirsiniz. Əlbəttə ki, bunlara ev oyunları demək mümkünsə. Matçlarınızı doğma azarkeşlər önündə Zaqatalada keçirməməyiniz sizin oyununuza təsir edirmi?
- Doğma meydançada, doğma azarkeşlər önündə oynamağın öz üstünlükləri var. Zaqatalada məşq etməklə Bakıda oteldə qalıb hazırlıq prosesi keçmək arasında da fərqlər var. Ona görə də bu amilin nisbətən də olsa bizə təsiri var.

- “Xəzər Lənkəran”la ilk oyunun 87-ci dəqiqəsində sarı vərəqə aldınız. Adətən futbolçular sabiq komandalarına qarşı bir qədər hisslər altında oynayır. Sizin bu aldığınız vərəqə emosiyalarınızı cilovlaya bilməməkdən irəli gəlirdi?
- Mən həmin anda Junior Nildonu cərimə xəttinin üzərində yıxdığım üçün sarı vərəqə almışdım. Burda emosiyalıq bir şey yoxdur. Həmin an aqressiv hərəkət etməmişdim.

- Ümumiyyətlə, bu kluba qarşı çıxış edəndə həmişə ürəyinin dərinliyində xüsusi hisslərə qapılırsan?
- Belə deyək də. “Xəzər Lənkəran”dan sonra 4-5 klub dəyişmişəm. Onların hamısı mənə doğmadır. Doğmadan əlavə, həmin klublar mənə rəqibdirlər. Burda emosiyalar rol oynamır. Hazırda hansı klubdayamsa, ancaq onun nailiyyəti üçün çalışıram.

- Komandanızın 13, “Xəzər Lənkəran”ın isə 10 xalı var. Məğlub olacağınız halda, “Xəzər Lənkəran” sizə çatacaq və ümumiyyətlə, “altılıq”dakı yerinizi itirə bilərsiniz...
- Əlbəttə, ancaq qələbə qazanmalıyıq. Baxmayaraq ki, “Xəzər Lənkəran” məğlub olmamaq üçün Bakıya gəlib, ancaq biz də yenilmək üçün meydana çıxmırıq.

Səbuhi TOFİQOĞLU