AFFA Con Toşakı günahlandırdı: Ona deyiblər ki...
19.10.2013 - 15:06
AFFA Con Toşakı günahlandırdı: Ona deyiblər ki...
“Biz həmin məsələni araşdırmışıq. Günah Con Toşakda olub”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Toşak oktyabrın 15-də 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində keçirilmiş Azərbaycan – Rusiya matçını (1:1) stadiondan canlı izləyə bilməmişdi. Onun VİP lojaya bileti olsa da, polis tərəfindən “Bakcell Arena”ya buraxılmadığı bildirilirdi.

Nərimanoğlu isə günahın hüquq-mühafizə əməkdaşlarında deyil, uelsli mütəxəssisdə olduğunu bildirir: “Toşak stadiona cangüdəni ilə gəlmişdi. Mən onunla danışdım. Arenanın girişində onlara deyilib ki, buraxılış vərəqəsi olmayan avtomobillə stadionun ərazisinə girmək qadağandır. Bildirilib ki, avtomobili kənarda saxlayıb, VİP-ə keçə bilərsiniz. Amma Toşak buna etiraz edərək, geri qayıdıb”.

Nərimanoğlu bildirib ki, müraciət edəcəyi təqdirdə, onlara köməklik göstərə bilərdilər.