Superkubok xatirələri
21.10.2013 - 12:52
Superkubok xatirələri
2 gündən sonra Azərbaycan futbolunda Superkubok ənənəsi bərpa olunacaq. Apasport.az saytının məlumatına görə, 18 illik fasilədən sonra ölkənin 2 ən güclü klubunun iştirakı ilə qarşılaşma baş tutacaq.

Naxçıvanda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması futbol tariximizdə 4-cü Superkubok kimi düşəcək. Lakin indiyədək yalnız 2 belə matç baş tutub. 1 dəfə isə həmin mükafat “Qızıl dubl” müəllifinə verilib. 1992-95-ci illərdə mövcud olan Superkubokla bağlı maraq doğuran məqamları yada salmaq yerinə düşər.

* İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də baş tutub. Birinci və hələlik sonuncu dəfə matçda çempionla kubokun sahibi görüşüb. Sumqayıtda “Neftçi” ilə “İnşaatçı” arasında görüş baş tutub. Həmin matç böyük hesabla nəticələnib – 4:1. Ölkə çempionu “Neftçi” bu yarışda da gücünü göstərib.

* Superkubok matçında ilk fiti həmin oyunun referisi olan Rüstəm Rəhimov verib. 21 il əvvəlki qarşılaşmada ona Nüvər Xasıyevlə Orucəli Durmuşov kömək edilər.

* Superkuboklar tarixində ilk qolu da hakim vurub. Söhbət indi hakimlik edən İlham Əliyevdən gedir. “İnşaatçı”nın futbolçusu olan Əliyev hesabı açsa da, “Neftçi” əzmkar qələbə qazanıb. Samir Ələkbərov 2, Mayis Əzimovla Nurəli Əsədov hərəyə 1 dəfə qol sevinci yaşayıblar.

* Superkubok tarixində ilk və yeganə dublun müəllifi olan Samir Ələkbərov matçın ən yaxşı futbolçusu üçün ayrılan xüsusi mükafata layiq görülüb. Hücumçu həm də kuboku başı üzərinə qaldıran ilk kapitan kimi tarixə düşüb.

* 1993-cü ildə “Qızıl dubl” edən “Qarabağ” isə təşkilatçılar tərəfindən Superkubokla da mükafatlandırıldı. Hərçənd, çempionun kubokun finalçısı və ya gümüş mükafatçı ilə oynaması mümkün idi.

* 1993/94 mövsümünün çempionu “Turan”la kubokun qalibi “Kəpəz” arasında Superkubok oyunu baş tutmadı. Çünki həmin vaxt çempionatda çıxışını dayandıran “Neftçi” və onun tərəfində olan klublar AFFA-ya alternativ qurum yaratmaqla məşğul idi. Belə vaxtda Superkubok heç yada da düşmürdü.

* 1994/95 mövsümündə çempion olan “Kəpəz” isə Superkubokda oynamaqdan imtina edən ilk çempion oldu. Azərbaycan kubokunun qalibi “Neftçi”nin qarşısına vitse-çempion “Turan” çıxdı.

* 2-ci Superkubok matçı ilk dəfə penaltilər seriyasına qədər uzandı. 1995-ci il iyunun 23-də, 2 il əvvəlki kimi Sumqayıtda baş tutan qarşılaşma 1:1 hesabı ilə bitdi. Penaltilər seriyasında isə bakılılar üstün oldu – 10:9.

* Superkubok tarixində sonuncu qolun müəllifi isə “Maradona” olub. Belə ki, bu ləqəbi daşıyan İlham Məmmədov hesabı açan Nazim Əliyevin qoluna cavab verib. “Neftçi”nin kapitanı Yunis Hüseynov matçın sonlarında penalti zərbəsini qola çevirə bilməyib. Onun zərbəsini Nizami Sadıqov dəf edib. Lakin penaltilər seriyasında – qapıçıların duelində Rauf Salamov qalib gəlib.

* 18 il əvvəl Superkubok ərəfəsində Bakı və Sumqayıtın veteranları arasında yoldaşlıq oyunu da baş tutub. Görüşdə Səmədağa Şıxlarov və Maşallah Əhmədovun qolları paytaxt təmsilçisinə qələbə qazandırıb – 2:1. Meydan sahiblərindən isə Rauf Əliyev fərqlənib.

* Baş tutan 2 Superkubok oyununda diqqət çəkən iki məqam – veteranların oyunu və matçın ən yaxşısının seçilərək mükafatlandırılmasıdır. Bu məqamlar həm də ona görə maraqlıdır ki, Peşəkar Futbol Liqasının Naxçıvanda keçirəcəyi matçda buna oxşar ənənələr davam edəcəkmi?

* 2004/05 mövsümündə “Neftçi” və “Bakı” arasında Superkubok oyununun keçirilməsi az qala gerçəkləşəcəkdi. İndiki kimi onda da Naxçıvanda baş tutması planlaşdırılan görüşü keçirmək mümkün olmadı. Görünür, qismət “Neftçi” ilə “Xəzər Lənkəran” arasında “Böyük oyun”a imiş.