“Məni sayıb dəvət etsəydilər, daha yaxşı olardı” - MÜSAHİBƏ
21.10.2013 - 15:33
“Məni sayıb dəvət etsəydilər, daha yaxşı olardı” - MÜSAHİBƏ
1995-ci ildə “Neftçi” və “Turan” arasında keçirilən son Superkubok oyununun iştirakçılarından və qaliblərindən olan Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Sonuncu Superkubok matçı olan “Neftçi” – “Turan” oyununun iştirakçılarındansınız. Həmin qarşılaşma ilə bağlı hansı təəssüratlarınız, xatirələriniz qalıb?
- Deyəsən, həmin oyunu Sumqayıtda keçirmişdik. Elədirmi?

- Bəli.
- Hə, indi yadıma düşdü. Amma çox da dəqiqliklə yadımda qalmayıb.

- Oyunun nəticəsi də yadınızda deyil?
- Yox. Amma bilirəm ki, həmin oyunda biz qalib gəlmişdik. Onda deyəsən, İrandan yeni gəlmişdim. 1992-ci ildə ora keçmişdim. Belə yadımda qalıb ki, İrandan qayıtdıqdan sonra həmin il “Neftçi” çempion olmuşdu. Superkuboku da Sumqayıtda oynadıq. Ancaq hansı hesabla qalib gəldiyimizi xatırlamıram.

- Yaddaşınızı yeniləmək üçün bir köməklik edək. Oyunun əsas hissəsi 1:1 bitmişdi. Penaltilərdə isə siz “Turan”a 10:9 hesabı ilə qalib gəlmişdiniz...
- Yaxşı? Açığı, nəticə yadıma gəlmir.

- Nizami Sadıqov bizə açıqlama verib ki, oyunun əsas vaxtında Yunis Hüseynovun penalti zərbəsini dəf edib. Bəs belə bir şey yadınıza gəlir?
- Ola bilər. Ancaq Allah haqqı, bu da yadıma gəlmir. Nizami belə deyirsə, yəqin yadındadır. Bax, siz dediniz ki, 11 metrlik zərbələrdən sonra qalib gəlmişik, bunu ilk dəfə sizdən eşidirəm. Ancaq mənə elə gəlirdi ki, 90 dəqiqənin sonunda biz Superkuboku qazanmışıq.

- Onda “Neftçi”nin kapitanı idiniz. Superkuboku başı üzərinə qaldıran son kapitan kimi də tarixə düşmüşsünüz.
- Yadımdadır ki, qalib gələndə bizə Superkuboku verdilər. Ancaq oyunun gedişi, hesabın necə nəticələndiyi haqda xatirələrim qalmayıb.

- Budəfəki Superkubok matçı ilk dəfə Naxçıvanda keçiriləcək. Buna münasibətiniz necədir?
- Qarşılaşmanın Naxçıvanda keçirilməsi müsbət haldır. Çünki oyun rayonlarımızdan birində baş tutacaq. Çünki Naxçıvanda çoxdandır futbol yox idi. Bildiyiniz kimi, yalnız bu ildən onların “Araz” I dəstədə çıxış etməyə başlayıb. Məncə, bu oyun azarkeşlər tərəfindən də yaxşı dəstəklənəcək. Anşlaq olacaq. Hər il bir rayona Superkubok matçını salsalar, məncə, daha əla olar. Bu il Naxçıvanda keçiriləcəksə, gələn il Gəncə, Şəmkir, Lənkəran və ya Qəbələyə Superkubok matçı salınsa, bölgələrdə də futbolun kütləviliyi artar.

- Oyun oktyabrın 23-də keçiriləcək. Superkubokun son qalibi kimi sizə “Neftçi”, “Xəzər Lənkəran” və ya PFL tərəfindən Naxçıvandakı oyunu canlı izləmək üçün dəvət göndərilibmi?
- Yox, belə bir şey olmayıb. İzləməyinə, belə də gedib izləyə bilərəm. Ancaq siz deyən kimi, məni sayıb dəvət etsəydilər, daha yaxşı olardı. Siz dediniz, mənim də ağlıma batdı. Superkubokun son qalibi kimi, 15 il “Neftçi”də oynamış, 9 il bu klubun kapitanı olmuş biri kimi və “Xəzər Lənkəran”da 7 ay işləmiş məşqçi kimi mənə dəvət göndərə bilərdilər.

- “Neftçi”də futbolçu, “Xəzər Lənkəran”da isə baş məşqçi olmuşsunuz. Maraqlıdır, siz hansı kluba azarkeşlik edəcəksiniz?
- Deyim də. Həqiqi sözümdür: bu oyunda layiqli olan tərəf qələbə qazansın. Hər iki komandaya da azarkeşlik edəcəyəm. Ona görə də hər iki kluba da uğur arzulayıram.

Səbuhi TOFİQOĞLU