Zaur Ramazanov: Allah üzünə baxıb ki, mənə oxşamır - MÜSAHİBƏ
21.10.2013 - 16:17
Zaur Ramazanov: Allah üzünə baxıb ki, mənə oxşamır - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın sabiq kapitanı, son olaraq cənub klubunda seleksiyaçı-məşqçi kimi çalışan Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Hazırda nə işlə məşğulsunuz?
- Futboldan uzağam. Özümün yüngül şəxsi biznesim var.

- Seleksiyaçı-məşqçi qismində çalışmaq sizə sıxıcı gəldi? Niyə bu yöndə fəaliyyətinizi davam etdirmədiniz?
- Yox, niyə ki? Bu işdən xoşum gəlirdi, “Xəzər Lənkəran” mənə doğma klubdur. Sadəcə, bəzi mərdimazarlar imkan vermədi.

- Bəs məşqçi kimi işləmək istərdiniz?
- Məşqçilik mənlik deyil. Öz işim var, başımı qatıram da. Oynayanda yaxşı qazanmışam, indi də pis deyil.

- Oktyabrın 23-də “Xəzər Lənkəran” Azərbaycan Superkuboku uğrunda matçda “Neftçi” ilə qarşılaşacaq. Bu oyunu izləmək üçün Naxçıvana getməyi düşünmürsünüz?
- Belə bir niyyətim yoxdur. Ümumiyyətlə, oyunlara getmirəm. İmkan olanda televizorda baxıram. Oda ki, hərdən.

- Ancaq hər halda, millimizin son oyunlarını izləmiş olarsınız...
- Hə, Rusiya və Şimali İrlandiyaya qarşı keçirdiyimiz görüşlərə baxmışam. Yavaş-yavaş da olsa, inkişaf var. Məncə, Foqtsu saxlasalar yaxşıdır. Qoy, qalıb işləsin. Ancaq bu milliləşdirmədən əl çəksinlər. Legionerin yığmada nə işi var? Öz uşaqlarımız oynasın. Elə komandaya can yandıran onlardı.

- Vaxtilə Azərbaycan çempionatının bombardiri olmusunuz. Ancaq təəssüf ki, son illər yerli oyunçular bu baxımdan əcnəbilərin kölgəsində qalırlar. Sizcə, səbəb nədir?
- Nə bilim, vallah, mənə də qəribə gəlir. Ola bilər zədə və ya ehtiyatda qalmaları mane olur.

- “Xəzər Lənkəran”da sizin yerinizi qardaşınız Ağabala tutub. Sonuncu oyunda “Simurq”la səfər matçında qol da vurdu (2:1). Maraqlıdır, Zaur Ramazanov ona hansı məsləhətlər verir? Aranızda bənzərlik varmı?
- Allah üzünə baxıb ki, mənə oxşamır. Açığı, elə də tez-tez görüşmək imkanımız olmur. Ayda 2-3 dəfə görürəm. Təbii, onun karyerasının daha uğurlu alınmasını istəyirəm. Məsləhət görürəm ki, mənim səhvlərimi təkrarlama. Biz fərqli xarakterli insanlarıq. O, mənim kimi çox danışan deyil. Başını aşağı salıb, oyununu oynayır.