Qara Qarayevdən nə xəbər?
22.10.2013 - 10:54
Qara Qarayevdən nə xəbər?
“Qara Qarayev dünən Maqnit-Rezonans Müayinəsindən keçib. Onun haqqında klubun həkimləri bu gün yekun rəy verəcək”. Bunu apasport.az saytına “Qarabağ”ın meneceri Asif Əsgərov deyib.

Milli komandamızın dayaq yarımmüdafiəçilərindən olan Qara Qarayev ötən həftə “Sumqayıt”la baş tutan görüşdə ciddi zədələnərək, matçı elə ilk hissədəcə tərk etməli olmuşdu. Gənc oyunçu 20-ci dəqiqədə yerini Hacı Əhmədova vermişdi. İndi onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı, millinin qarşıdakı yoldaşlıq oyunlarına kimi qaydasına düşüb-düşməyəcəyi maraqla gözlənilir.

Əsgərovun sözlərinə görə, futbolçuda zədə gözlənildiyi kimi ciddi deyil: “Həkimlərimizin bu gün verəcəyi dəqiq diaqnozdan sonra Qaranın hansı müddətdə oynayıb-oynamayacağı müəyyənləşəcək. Ancaq çalışırıq ki, “Xəzər Lənkəran”la qarşıdakı oyuna kimi qaydasına düşsün. Futbolçunun zədəsi dizindədir. Məncə, uzun müddətə sıradan çıxmayıb”.

Qeyd edək ki, Qara Qarayevin zədələndiyi oyunda “Qarabağ” “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlmişdi.