“Neftçi”nin məşqçisi və direktoruna ağır cəza
22.10.2013 - 14:03
“Neftçi”nin məşqçisi və direktoruna ağır cəza
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında məşqçilər və klub rəsmiləri ilə bağlı bir sıra qərarlar verilib. Apasport.az saytının məlumatına görə, çalışdırıcılar əsasən hakimlərlə davranış üzündən cəzalanıb. Özü də onların çoxu keçmiş futbolçulardır.

“Sumqayıt”la matçda hakimləri təhqir edən “Neftçi”nin U-16 komandasının baş məşqçisi Araz Qulamov 5 oyunluq cəzalandırılıb. U-16 Liqasında çıxış edən “Qarabağ” da baş məşqçisini itirib. “Bakı” ilə görüşdə texniki zonadan qovulan Ayxan Abbasov 1 turluq kənarlaşdırılıb.

“Fənərbaxça” futzal klubunun məşqçisi Elşad Quliyev isə hakimi vurmağa cəhd edib. “Neftçi” ilə oyunun “qəhrəmanı” 10 matçlıq cəza alıb. Görüşdən sonra “Neftçi”nin direktoru Ruslan Hüseynov hakimləri təhqir edib. Onun cəzası daha yüngül olub - 4 oyun. Daha bir futzal məşqçisi də “fərqlənib. “Metropoliten” – “Kubinka” matçı başa çatdıqdan sonra sonuncuların çalışdırıcısı Taleh Yusifov hakimlərə hədə-qorxu gəlib. Onun da cəzası Quliyevinki kimi 10 oyunluq olub.

Lakin hakimləri söyən, döyən, hədələyən təkcə məşqçilər deyil. U-17 Liqasının AZAL – “Sumqayıt” matçının 80+2-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kamil Qurbanov ədalət təmsilçisini təhqir edib. Nəticədə gənc futbolçu 4 oyunluq cəzalanıb.