“Dedim ki, mən penalti vura bilmirəm”
22.10.2013 - 14:32
“Dedim ki, mən penalti vura bilmirəm”
21 yaşadək futbolçulardan ibarət millimizin məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibəsi

- Sabah Naxçıvanda Superkubok oyunu keçiriləcək. Qarşılaşmanın bu şəhərdə keçirilməsini necə qarşıladınız?
- Matçın Naxçıvanda keçirilməsi yaxşı qərardır. Bu bölgədə futbol əvvəl olsa da, sonra unudulmuşdu. Ancaq bu ildən Naxçıbanı I dəstədə “Araz” klubu təmsil edir. Ona görə də belə bir qarşılaşmanın da bu şəhərə salınması yaxşı haldır.

- “Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri üçün Naxçıvanın münasib yer olmaması fikri ilə razılaşarsınız?
- Bəli. Ola bilər ki, buna görə problem olsun. Ancaq elə başa düşürəm ki, hər 2 klub rəhbərliyi azarkeşlərinin ora getməsi üçün müəyyən tədbirlər təşkil edər...

- Artıq klublar ordadır. Bizdə olan məlumata görə, heç bir klub öz azarkeşini Naxçıvana aparmayıb...
- Hər halda, Naxçıvanda həm “Neftçi”nin, həm də “Xəzər Lənkəran”ın azarkeşi olmamış olmaz. İstənilən halda, bu, yerli azarkeşlər üçün böyük bir bayram olacaq. Çünki belə bir mötəbər turnir Naxçıvanda keçirilir.

- Siz özünüz vaxtilə Superkubokun qalibi olmusunuz...
- Elədir. “Turan”ı 11 metrlik zərbələrdən sonra məğlub edib qalib gəldik.

- Bu, neçənci ildə olmuşdu?
- Yadıma gəlmir. 1994 və ya 1995-ci il idi. Onda məğlub etdiyimiz “Turan” ölkə çempionu idi.

- Yanılırsınız. 1995-ci ilin iyunun 23-də çempion “Kəpəz” “Neftçi” ilə oynamaqdan imtina etmişdi. Bu üzdən çempionatın gümüş mükafatçısı olan “Turan” sizə qarşı oynamışdı...
- Düzdür. O vaxt Superkubokun adı “Səhər kuboku” gedirdi.

- Həmin matçla bağlı başqa hansı xatirələriniz qalıb?
- Yadımdadır ki, penaltilər vaxtı ilk 5 zərbəni mən vurmamışam. Ancaq hesab bərabər olduğundan, penalti seriyası uzandı və zərbələr mənə də gəlib çatdı. Dedim ki, mən penalti vura bilmirəm. Dedilər ki, vurmalısan, başqa çarə yoxdur. Ancaq mən vura bilmədim (gülür). Daha bilmirəm ki, zərbəmi Nizami Sadıqov çıxartdımı, yoxsa top dirəyə dəydimi. O yadımdadır ki, onda penaltilər qapıçılar zərbə vurana kimi uzanmışdı.

- Niyə məşqçilər heyətinə deyirdiniz ki, penaltini vura bilməyəcəksiniz? Zədəniz vardı?
- Yox. Ümumiyyətlə, 11 metrlik zərbəni vurmağı heç vaxt xoşlamamışam. Heç vaxt vurmadığımdan, həmin zaman da penalti nöqtəsinə yaxınlaşmaq istəmirdim. Yadımdadır ki, Sumqayıtda “İnşaatçı” ilə ölkə kubokunun yarımfinalında da penaltini qola çevirə bilməmişdim. Ancaq orda ilk 5 zərbə vuracaq futbolçu siyahısına salınmışdım. Baxmayaraq ki, onda da vura bilməyəcəyimi məşqçilərə demişdim.

- 18 ildən sonra baş tutacaq Superkubok matçına necə proqnozlaşdırırsınız?
- Məncə, “Neftçi” “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gələcək.

Səbuhi TOFİQOĞLU