Millimizə I dəstədən futbolçu axtarılır
22.10.2013 - 16:53
Millimizə I dəstədən futbolçu axtarılır
Sabah ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində 3 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 görüş Bakıda, digəri isə İmişlidə baş tutacaq.

Qarşılaşmalardan biri 21 yaşadək millimizin məşqçilərinin də diqqət mərkəzində olacaq.

Belə ki, U-21-in köməkçi məşqçisi Yaşar Vahabzadə “Şuşa” – “Şahdağ” matçını canlı izləyəcək. Vahabzadənin sözlərinə görə, seleksionerlər hər 2 klubun heyətində yığmaya kömək edə biləcək bir neçə futbolçu aşkarlayıb. Milli məşqçisi də həmin oyunçuların lazımi meyarlara cavab verib-vermədiyini bilmək üçün görüşü “Şəfa” stadionundan canlı izləmək qərarına gəlib.

Qeyd edək ki, “Şuşa” – “Şahdağ” oyunu “Şəfa” stadionunun 4-cü meydançasında baş tutacaq. Qarşılaşma sabah saat 15:00-da başlayacaq.