17 ayda 12 matç – ikinci vida
11.01.2022 - 09:42
17 ayda 12 matç – ikinci vida

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev ikinci dəfə karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, onun qayıdışı uğurlu alınmayıb.

2019-cu ilin yayında karyerasını başa vuran və 2020-ci ilin avqustunda “Səbail”də peyda olan təcrübəli qolkiper üçün 17 ayı müsbət dəyərləndirmək olmaz. Vaxtının çoxunu ehtiyatda və bərpa olunmağa sərf edən Ağayev son 17 ayda vur-tut 12 matçda meydana çıxıb.

O, 12 qarşılaşmada 21 top buraxıb. Kamran Premyer Liqada ötən mövsüm meydana çıxmağa peşman olub. O, yeganə görüşdə 3 top buraxıb. Kubokdakı 2 matçda isə 2 dəfə topu qapısında görüb.

Onun cari mövsümdəki çıxışını da qənaətbəxş saymaq olmaz. Uzun müddət ölkənin bir nömrəli qapıçısı olan Ağayev 9 qarşılaşmada 16 dəfə rəqib zərbələri qarşısında aciz qalıb.

Qeyd edək ki, qolkiper 12 görüşdən yalnız ikisində - bir çempionat və bir kubok matçında qapısını toxunulmaz saxlayıb.