Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində yer alan yığmamız yoldaşlıq görüşündə Qətərlə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüş komandamızın tarixində 276-cı sınağı olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 275 matça çıxıb.
Hesabında 51 qələbə və 74 heç-heçə olan yığma 150 dəfə uduzub. Millimiz martda Macarıstanda minimal hesabla uduzduğu (1:2) rəqiblə evdə heç-heçə etsə, yubiley sülhünü rəsmiləşdirəcək. Əvvəlki 275 qarşılaşmada 203 qol vuran futbolçularımız 460 top buraxıb.
Yığmamızın ev görüşü 130-cu yoldaşlıq oyunu olacaq. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 129 matçda komandamız 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. Rəqib qapısından 119 top keçirən futbolçularımız 163-nü buraxıb.
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Qətər oyunu saat 21:00-da başlayacaq.