AFFA ilə Rumıniya şirkəti arasında PİVƏ QALMAQALI – pulumuzu verin!
29.12.2021 - 11:14
AFFA ilə Rumıniya şirkəti arasında PİVƏ QALMAQALI – pulumuzu verin!

AFFA ilə Rumıniya şirkəti arasında ciddi problem yaranıb.

Apasport.az saytının məlumatına görə, narazılığın kökündə AVRO-2020-nin Bakıda keçirilən oyunları dayanır.

Uğursuz marketinq siyasəti aparan federasiya paytaxtımızda təşkil olunan 4 matçı izləyəcək azarkeşlər üçün adıçəkilən ölkədən pivə sifariş edib.

Bağlanan müqaviləyə əsasən, Rumıniyadan Azərbaycana tonlarla içki gətirilib. Lakin AFFA-nın satış proqnozu özünü doğrultmayıb.

Bakı Olimpiya Stadionunda futbolsevərlərə təklif edilən pivəyə maraq böyük olmayıb. Nəticədə qurumun rumın firmasına külli miqdarda borcu yaranıb.

Söhbət təxminən 500 min avro məbləğində borcdan gedir. Qarşı tərəf indi AFFA-dan həmin vəsaitin ödənilməsini tələb edir (sportinfo.az).

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilib. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels (1:1), Türkiyə - Uels (0:2), Türkiyə - İsveçrə (1:3), həmçinin 1/4 final mərhələsinin Danimarka - Çexiya (2:1) matçına ev sahibliyi edib.