Beynəlxalq futbol turnirlərində hesaba alınmayan qollardan bəzilərinin yer aldığı siyahı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, tanınmış jurnalist Rasim Mövsümzadənin paylaşdığı siyahıda “Qarabağ”ın futbolçusu Abdullah Zubirə də yer verilib.
Ağdam təmsilçisinin üzvü Konfrans Liqasının qrup mərhələsinin VI turunda “Bazel”in qapısına yol tapıb. Lakin onun zərbəsindən sonra qapı xəttindən keçən top qol kimi qeydə alınmayıb.
Zubir haqqı yeyilən nə ilk, nə son futbolçudur. Siyahıda “Sabah”da çıxış etmiş Marko Deviç də var. Ukrayna millisinin üzvü AVRO-2012-də İngiltərə yığmasının qapısına yol tapsa da, qolu sayılmayıb.
İngiltərə futbolunun əfsanələrindən olan Frenk Lempard isə DÇ-2010-da Almaniyaya vurduğu, lakin qeydə alınmayan qoluna üzülüb. AVRO-1996-da isə rumıniyalı Dorinel Muntyanu Bolqarıstanla görüşdə eyni aqibəti yaşayıb.
Qeyd edək ki, bu, “Qarabağ” üçün də ilk deyil. 2014-cü ildə də son turda, Avropa Liqasının “İnter”lə görüşündə də ağdamlıların qolu sayılmayıb.