Abdullah Zubir: “Titul qazanmaq heç vaxt asan deyil” - MÜSAHİBƏ
06.05.2022 - 15:29
Abdullah Zubir: “Titul qazanmaq heç vaxt asan deyil” - MÜSAHİBƏ

“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubirin apasport.az saytına müsahibəsi

- “Qarabağ”la 3-cü çempionluğu qazandınız. Təəssüratlarınız nələrdir?
- Dəfələrlə titul qazansan, hər dəfə qalib olsan, bu hisslər dəyişməz olaraq qalır. Daim sevinirsən. İnsan titul qazanmaqdan doymur. Üstəlik, ötən mövsüm çempionluğu əldən vermişdik. Bu üzdən cari mövsüm titulu bərpa etmək baxımından bizim üçün önəmli idi. Bir sözlə, yenidən çempion olduğum üçün çox sevincliyəm.

- Cari mövsüm cəmi 1 məğlubiyyətiniz var, əvəzində 9 dəfə böyükhesablı qələbə qazanmısınız. Sizə elə gəlmir ki, əvvəlki mövsümlərlə müqayisədə bu dəfə daha rahat çempion oldunuz?
- Düzdür, cəmi bir matçda məğlub olmuşuq. Bu cür statistik göstəricilərə nəzər yetirdikdə belə düşünməyiniz normaldır. Düşünə bilərsiz ki, hər şey asanlıqla əldə olundu. Amma bu fikirlə qətiyyən razı deyiləm. Titul qazanmaq heç vaxt asan deyil. Hətta böyük hesabla qalib gəldiyimiz görüşlərdə belə, çətin anlar yaşamışıq. Bəli, həmin oyunlara yüksək səviyyədə başlayırdıq, qol şanslarının əksəriyyətindən istifadə edirdik. Rəqiblərimiz bizə böyük hesabla uduzmalarına rəğmən təslim olmur, daim sona qədər mübarizə aparırdılar. Oyunları izləyən bunu aşkar görə bilir. Sadəcə, biz həmin matçlarda çox effektli olduq, qol imkanlarının çoxunu reallaşdırdıq. Bütün bunlar asan çempion olmağımız anlamına gəlmir.

- Ölkə kubokunun finalında rəqibiniz “Zirə” olacaq. Sabiq komanda yoldaşınız Rəşad Sadıqov mayın 27-də “Qızıl dubl” etməyinizə mane ola bilərmi?
- Rəşadın məşqçilik bacarığını hər kəs görür. Həm yaxşı futbolçuları, həm də maraqlı ideyaları var. Bu ideyaları həyata keçirmək üçün güclü oyunçulara malikdir. Buna görə də, “Zirə” finalda bizə çətin rəqib olacaq. İstənilən halda matça yaxşı hazırlaşacağıq. Məqsədimiz qalib gəlməkdir. Amma final oyunlarında hər zaman şanslar yarı-yarıya olur. Heç vaxt tam əminliklə deyə bilmərsən ki, biz qələbə qazanacağıq. Ona əminəm ki, bizi asan oyun gözləmir. Rəşad yaxşı məşqçidir və belə də davam edəcək.

- Bu mövsümə qədər oyunlarda hər kəs “Qarabağ”da sizdən fərq yaratmağı gözləyirdi. Kadi Borqesin gəlişindən sonra yükünüzün azaldığını demək olar?
- Əslində Kadi gələnə qədər hər şeyi tək mənim elədiyimi demək olmaz. Biz bir komandayıq, qazanılan bütün nəticələrin arxasında kollektivin zəhməti durur. Uğurların hamısını təkcə mənimlə əlaqələndirmək doğru olmaz. Amma o da həqiqətdir ki, Kadi gəldikdən sonra hər ikimiz daha çox qol vəziyyətləri yaradırıq. Bu baxımdan razıyam. Onun sıralarımıza qoşulması qol vurmaq baxımından komandaya rəngarənglik gətirdi. Kadi möhtəşəm mövsüm keçirir. Hər şeyi yalnız ikimizin ayağına yazmaq olmaz. Bütün komanda əziyyət çəkir, vuruşur.

- Artıq 4 ildir ölkəmizdəsiz. Bu illər ərzində Premyer Liqanın səviyyəsində irəliləyiş, yoxsa geriləmə müşahidə edirsiz?
- Əminliklə deyə bilərəm ki, gəldiyim illə müqayisədə Premyer Liqanın səviyyəsi geriləməyib. Digər komandalara qarşı oynamaq getdikcə daha da çətinləşir. Eyni rəqiblə dəfələrlə qarşılaşmalı oluruq. Buna görə də, futbolçular bir-birilərini daha yaxşı tanıyırlar, üstün və zəif cəhətlərini bilirlər. Təhlillər, video-analizlər olur. Bütün bunlar getdikcə işimizi daha da çətinləşdirir. Əminliklə söyləyə bilərəm ki, çempionatın səviyyəsi geriləməyib. Bütün komandalarda savadlı məşqçilər, yaxşı oyunçular var. Gəldiyim ilk günlə müqayisədə indi çempionatda oynamaq daha çətindir.

Ruslan Sadıqov