Abdullah Zubirdən Azərbaycan millisində oynamaq ehtimalına münasibət
10.05.2022 - 13:21
Abdullah Zubirdən Azərbaycan millisində oynamaq ehtimalına münasibət

“Azərbaycan millisi ilə bağlı fikirləşməmişəm. Amma bir ölkədə 5 il çıxış etmək də az vaxt deyil”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.

2018-ci ildən Ağdam klubunun formasını geyinən fransalı hücumameylli oyunçu gələn il Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilər.

Milliləşmə ilə bağlı hələ düşünməyən 30 yaşlı futbolçu bunun baş vermə ehtimalını da istisna etməyib: “Doğrudur, gələn il Azərbaycanda yaşamağımın 5 ili olacaq. Bilirsiniz ki, mən əslən mərakeşliyəm. Əsas arzularımdan, hədəflərimdən biri də Mərakeş millisində oynamaqdır. Açığı, Azərbaycan yığması haqda fikirləşməmişəm. Amma bir ölkədə 5 il çıxış etmək də az vaxt deyil. Gələcəkdə nə olacağını bilmək olmaz. Yaşayarıq, görərik. İndidən nəsə deyə bilmərəm”.

Qeyd edək ki, “Qrenobl”un yetirməsi olan Abdullah Zubir “Qarabağ”a 2018-ci ildə “Lans”dan keçib.