“Kubokla çempionatı həmişə bir-birindən ayrı tutmuşam. Kubok bir oyundan ibarətdir, burada istənilən nəticə ola bilər”.
Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Ağasəlim Mircavadov Azərbaycan kubokunun final oyunu barədə danışarkən deyib.
“Qarabağ”ın sabiq baş məşqçisi Ağdam klubunun “Zirə” ilə keçirəcəyi həlledici görüş barədə fikirlərini bölüşüb. O, Premyer Liqa çempionluğunu təmin edən Qurban Qurbanovun yetirmələrinin “Qızıl dubl” etməsinin asan olmayacağını düşünür: “Əksər komandalar gözünü ölkə kubokuna dikdiyi üçün burada uğur qazanmaq heç də asan deyil. Final matçında psixoloji durum böyük rol oynayacaq. “Qarabağ” favorit sayıla bilər. Amma oyunun gedişi fərqli ola bilər. Mən ingilis klublarının oyunlarına çox baxıram. Bir də görürsən ki, sonuncu yerdə gedən komanda liderlə görüşdə ondan üstün çıxış edir. Oyunlarına və turnir cədvəlindəki mövqelərinə baxanda inana bilmirsən. Yəni “Qarabağ”ın yüz faiz qələbə qazanacağını demək olmaz”.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” oyunu mayın 27-də Qəbələ şəhər stadionunda keçiriləcək.