Azərbaycanda qış transfer pəncərəsinin sonu Ahmed Ahmedovun “Neftçi”yə keçidi ilə əlamətdar oldu.
Apasport.az saytının məlumatına görə, bolqarıstanlı futbolçu nə Azərbaycan Premyer Liqası, nə də “Neftçi” üçün ilk deyil.
Əvvəllər də ölkəmizdə bu ölkənin təmsilçiləri çıxış edib. Lakin Ahmedov cari mövsüm üçün ilk olacaq. Mövsümün arxada qalan hissəsində çempionatımızda Bolqarıstandan olan futbolçu oynamayıb.
Əhməd, Ahmet, yoxsa Ahmed?
Yeni hücumçunun keçidi çempionatımızda növbəti dilemma yaradacaq. Bu, adlarla bağlı yaranan növbəti sualdır. Ahmed Ahmedov artıq Əhməd, Ahmet, Ahmed kimi təqdim olunmağa başlayıb. Azərbaycan futbolunda əcnəbilərin adlarının belə qarışıqlıq yaratması isə artıq ənənəyə çevrilib. Onlarla futbolçu adi fərqli yazılışlarla tarixdə qalıb. Əslində, bunun özü də normaldır. Hərə özünün düzgün hesab etdiyi variantı daha dəqiq hesab edir. Legionerin AFFA tərəfindən milliləşdirilməsi ehtimalının olması isə onun tamamilə Əhmədə çevrilməsinə yol açacaq.
Bütün Əhmədlər
Ahmedi “Əhməd” kimi və ya ən azı bu adın adaşı kimi qələmə versək, ölkəmizdə müxtəlif ölkələrdən olan futbolçular çıxış edib. Yerli Əhmədlər bir yana, xaricdən də onların adaşları gəlib. Çempionatımızda ən uğurlu “Əhməd” isə nigeriyalı olub. Söhbət bir neçə klubda parlamış Əhməd Ticanidən gedir. Hətta bir müddət AFFA da onu əvvəl lipalaşdırmaq, sonra milliləşdirməklə U-21-ə çağırmaq istəyinə düşmüşdü. Milliləşib U-17-də oynayan, sonradan çempionatımıza gələn Əhməd Qurbanov isə Rusiya təmsilçisidir. Misirdən Ahmed Qanem, Türkiyədən Ahmet Dursun da onların adaşı sayılır.
Müxtəlif “amplua”larda
Ahmedovun həmyerliləri Azərbaycan çempionatının 2004-cü ildən sonrakı dövrü üçün daimi qonaq sayılır. Özü də bolqarıstanlılar təkcə futbolçu kimi deyil, digər “amplua”larda da ölkəmizə gəlib. Onlar arasında ən uzunömürlülərdən biri Georgi Nikolovdur. İndiki “Keşlə”nin “İnter” adlandığı vaxt uzun müddət klub prezidenti olan funksioner həmyerlilərini də futbolçu kimi komandasına gətirib. Bolqar məşqçilər müxtəlif klubların əsas komandalarında köməkçi və ya əvəzedicilərin baş məşqçisi kimi də çalışıb. Borçe Xristovla Çudomir Çakarov “Qarabağ”da, Kamen Vasilyev “Zirə”dəki fəaliyyəti ilə yadda qalıb.
17 il öncəki cığırla Slavçevə qədər
Azərbaycan çempionatında ilk bolqarıstanlı futbolçular 2004/05 mövsümündə peyda olub. Həmin vaxt Martin Stankov “Xəzər Lənkəran”a, İvan Karamanov “Qarabağ”a, Asen Nikolov “Turan”a gəlib. Bu ölkənin təmsilçiləri 2015-ci ilin yayına qədər Premyer Liqadan əskik olmayıb. 2015/16, 2016/17, 2017/18 mövsümlərində isə çempionatımız bolqar futbolçularsız keçirilib. 2018/19 mövsümündə Emil Martinov “Səbail”ə, Simeon Slavçev “Qarabağ”ın uğurları üçün çalışıb. Ötən mövsümdə də şans qazanan sonuncu çempionatımızda oynayan son bolqarıstanlıdır.
Todorov, Zlatinov, Nikolov
Azərbaycanda ən çox oyun keçirən bolqarıstanlı Radomir Todorovdur. Uzun illər “Xəzər Lənkəran”da, sonradan “Bakı”da da oynamış müdafiəçinin aktivində 150 matç var. Petar Zlatinov da 100-ü arxada oyub. O, 106 matç keçirib. İlk “üçlüy”ü 55 görüşdə şans qazanan Asen Nikolov qapayır. Petarla Asen hamıdan çox – hərəyə 14 qola sevinib. Bombardirlər arasında üçüncü yerdə Svetoslav Stefanovdur. O, rəqib qapılarına 5 top vurub.
25-ci
Ahmedova qədər ümumilikdə 24 bolqarıstanlı Azərbaycan çempionatında şans qazanıb. Debütü rəsmiləşəndə forvard 25-ci olacaq. Bu oyunçular ümumilikdə 748 matçda 62 qol vurub, 14-nü buraxıb. Bunu da “Keşlə”nin sabiq qolkiperi Svilen Semyonov öz qapısında görüb. Düzdür, çempionatımız daha iki bolqar görüb ki, onlar başqa ölkəni təmsil edib. Bunlar Niderland təmsilçisi İvan Svetkovla Şimali Makedoniyadan olan Robert Petrovdur. Sonuncu AZAL-da 55 oyuna çıxıbsa (1 qol), forvard “Xəzər Lənkəran”da bombardirliyi ilə diqqət çəkib: 50 matçda 22 qol.
“Neftçi”də üçüncü
Azərbaycan çempionatının yüksək dəstəsində 10 müxtəlif klub Bolqarıstandan olan oyunçulara şans verib. Onlar arasında “Neftçi” də var. Yəni Ahmedov “ağ-qaralar”ın ilk belə oyunçusu deyil. Onadək iki həmyerlisi bu formanı geyinib. İlk belə futbolçu 2005/06 mövsümündə olub. Svetoslav Stefanov ardıcıl 4 mövsümdə 44 matça çıxıb. O, 4 qol sevinci yaşayıb. 2008/09 mövsümündə tək o deyil, Março Dafçev də “Neftçi” forması geyinib. O, 12 qarşılaşmada 2 qola sevinib.