“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa ölkəsi Belarusun STV kanalına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis “gənclik şəhəri” təmsilçisini seçməsinin səbəblərindən və qarşıya qoyulan məqsədlərdən danışıb.
- “Sumqayıt”ı seçməyinizin əsas səbəbi nə oldu?
- Bu, ən konkret təklif idi. Çünki digər bəzi söz-söhbətlər havada idi. “Sumqayıt” rəhbərliyi ilə görüşəndən sonra başa düşdüm ki, böyük layihədir və futbolda da, həyatda da çox şeyə eyni şəkildə baxırıq. Belə bir maraq olduğundan, bu təklifdən yararlanmamaq günah olardı. Bu komandadan 8 nəfər milliyə çağırılıb. Yəni işləmək üçün yaxşı material və maraqlı çempionat var.
- Yeni bir ölkəyə yollanmaq sizi narahat etmədi?
- Köçməkdən qorxmadım. Uzunmüddətli müqavilə imzalandı. İz buraxmaq üçün burada mümkün qədər uzun müddət məhsuldar işləmək istəyirəm. Hər gün çox çalışmağı, fayda verməyi, futbolçulara yeni nəsə öyrətməyi qarşıma məqsəd qoydum. Mövsümün ilk yarısında çox xallar itirilib. Heç kim ilk “üçlüy”ə düşmə vəzifəsi qoymayıb. Hər şeyə real yanaşırıq.
- İlkin təəssüratlarınız nələrdir? Əsas nələrə diqqət yetirməli olacaqsınız?
- Turnir cədvəlindəki yerdən qorxmuruq. Futbolçularla və məşqçilər korpusu ilə danışmışam. Hər şeydən əvvəl psixoloji durumdur. Çempionatda üçüncü yeri tutub, avrokuboklarda iştirak edib, milliyə çağırıldıqdan sonra iki ayda futbol oynamağı unutmaq mümkün deyil. Vəziyyət yəqin ki, hər kəs üçün başa düşüləndir. Ona görə də psixoloji məqam daha önəmlidir.
- Türkiyə toplanışı nə üçündür?
- Azərbaycanda çempionat payız-yaz sistemi üzrə keçirilir. Birinci yarı başa çatıb, ikinci yarıya hazırlaşmaq üçün hamıya yaxşı tanış olan Türkiyəni seçdik. Fevralın 2-də bizi “Qəbələ” ilə kubok oyunu gözləyir. Ardından çempionat matçına çıxacağıq. Hazırlıqda psixoloji məqamlara, eləcə də texniki-taktiki məsələlərə xüsusi diqqət yetiriləcək. Türkiyədə bunu ən qısa zamanda həll etməyə və vəziyyəti düzəltməyə çalışacağam.
- “Sumqayıt”da KXL-dəki qədər maaş alacaqsınız?
- Burada maddi baxımdan kosmik nəsə yoxdur. Müqavilə iki il yarımlıq imzalanıb. Bununla maraqlanan hər kəsi əmin etmək istəyirəm ki, şərtlərdə qeyri-adi heç nə yoxdur. İlk növbədə layihə, tapşırıqlar dinlənilib.
- Azərbaycanda nə maraqlıdır?
- Nədənsə təəccübləndiyimi söyləməyim düzgün çıxmaz. Ancaq onu deməliyəm ki, insanlardan istər klubda, istərsə də stadionda xoş münasibət var. Bu da gözəl hissdir.