Aleksey Baqa: Maliyyə imkan versə...
09.05.2022 - 19:27
Aleksey Baqa: Maliyyə imkan versə...

“Nəhayət ki, komandanı azarkeşlərin fantastik dəstəyi altında qazanılan qələbə münasibətilə təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa deyib.

Belaruslu mütəxəssis Premyer Liqanın XXVI turunun “Şamaxı” ilə oyunu barədə fikirlərini matçdan sonra mətbuat konfransında açıqlayıb: “Hava şəraitinə baxmayaraq azarkeşlər dəstəkləyirdi. Səbir və inamın bəhrəsini gördük. Gec də olsa, irəli atılmış addımdır. Komandanı, işçiləri, rəhbərliyi, azarkeşləri təbrik edirəm”.

- Anatoli Nuriyevin oyunundan razı qaldızmı?
- Hər kəsdə olduğu kimi onun da qələbədə payı oldu. Uzun müddət məşq etməyən oyunçu həm müdafiə, həm hücumda özünün yaxşı tərəfdən göstərdi. O, hələ öz bacarığından aşağı səviyyədə oynayır. Amma inanırıq ki, artıracaq.

- Müdafiədə Höccət Haqverdi Vurğun Hüseynov tandeminin daha yaxşı oynaması fikri ilə razısız?
- Müdafiə xəttindən danışanda qapıçını da qeyd etməliyik. Camaləddin Xocaniyazovun cəzalı olması üzündən belə durumda üzləşmişdik ki, fərqli müdafiə xətti ilə meydana çıxdıq. Onlar da yaxşı oynadı. Rəqibə demək olar ki, qol epizodu vermədik. 

- Hər iki qolun başla vurulması ilə bağlı xüsusi hazırlıq olmuşdu?
- Cərimə meydanına ötürmələrlə bağlı problemimiz var idi. Bunun üzərində işləmişdik. Hücumda hündürboy futbolçumuz olduğundan topu cərimə meydanına çatdırmalı idik. Məqsədimiz topu ora dəqiq çatdırmaq idi. Bugünkü qarşılaşmada da hər iki top belə vuruldu.

- Premyer Liqada 10 komanda olacaq. “Kəpəz”lə “Turan Tovuz”un elitaya gəlməsinə münasibətiniz necədir?
- Bu, müsbət məqamdır. Eşitdiyimə görə bu region futbol bölgəsidir. Hər iki klubun ənənəsi və azarkeşləri var. Ona görə də ümid edirəm ki, regionlardan istedadlı futbolçular çıxacaq. Maliyyə imkan versə 14 komanda olmasını da istəyərəm. Bu sevindirici haldır.

Qeyd edək ki, “Sumqayıt” ev matçında 2:0 hesabı ilə qalib gəlib.