Ançelotti “Mançester Siti” ilə bacarmır
04.05.2022 - 13:23
Ançelotti “Mançester Siti” ilə bacarmır

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşündə bu gün üz-üzə gələcəkləri “Mançester Siti” ilə karyerası ərzində 9 dəfə qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin komandaları həmin matçların 8-də “şəhərlilər”ə məğlub olub.

Ançelotti “Çelsi”nin sükanı arxasında “Mançester Siti”yə 4 dəfə rəqib olub, bunun 3-də meydanı başıaşağı tərk edib. Onun yeganə qələbəsi 2010/11 mövsümündə İngiltərə Premyer Liqası oyununa (2:0) təsadüf edib.

Ançelotti “Everton”da olarkən də mançesterlilərlə 4 dəfə qarşılaşıb və bütün görüşlərdə Pep Qvardiolanın yetirmələrinə uduzub.

Bu mövsüm ÇL-in yarımfinal mərhələsinin ilk oyununda isə onun çalışdırdığı “Real” səfərdə 3:4 hesablı yenilgiyə məruz qalıb.

Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.